Türkiyə - Azərbaycan – 6:4 - FOTOSESSİYA
11.10.2011 - 18:34
Türkiyə - Azərbaycan – 6:4 - FOTOSESSİYA
Bu gün İstanbulda Türkiyə və Azərbaycan jurnalistləri arasında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının xəbərinə görə, Türk Spor Yazarları Dərnəyinin meydançasında baş tutan oyun həm məhsuldar, həm də gərgin keçib.

Oyun başlamazdan öncə komandamızın qocaman oynayan-məşqçisi Fərhad Həsənov türkiyəli jurnalistlərə AFFA-nın vimpeli, Azərbaycan futbolunun 100 illiyinə həsr olunan kitab, eləcə də, komanda üzvlərinin imzası olan top hədiyyə edib. Rəqib komandanın kapitanı, tanınmış jurnalist Əhməd Çakar da öz növbəsində borclu qalmayıb. O, komandamızın üzvlərinə Türk Spor Yazarları Dərnəyinin döş nişanı ilə hədiyyə edib.

Görüşə gəlincə, komandamız qapısından nə az, nə çox düz 6 qol buraxıb. Amma insaf naminə qeyd edək ki, saytımızın baş direktoru İxtiyar Əsgərovun qapıda inamlı çıxışı hesabın daha biabırçı olmasının qarşısını alıb.

4:6 hesabı ilə uduzduğumuz oyunda komandamızdan Emin Abbasov dubl edibsə, Sərxan Abışovla Hikmət Yaqubov hərəyə 1 qol vurublar.

Qarşılaşmadan sonra isə Türk Spor Yazarları Dərnəyində azərbaycanlı jurnalistlər üçün ziyafət təşkil olunub.

Komandalar arasında martda Bakıda revanş matçı keçiriləcək.