Berti Foqts: Məğlub olmuşuqsa, deməli, komandada problem var
11.10.2011 - 23:07
Berti Foqts: Məğlub olmuşuqsa, deməli, komandada problem var
“Öncə Türkiyə yığmasını pley-off mərhələsinə çıxması münasibətilə təbrik edirəm. Rəqib təzyiq altında olsa da, öz işini görüb, qələbə qazandı”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Millimiz AVRO-2012-nin seçmə qrup mərhələsi çərçivəsində İstanbulda sonuncu matçına çıxdı. “Türk Telekom Arena”da baş tutan qarşılaşmada buraxılan 1 qolla uduzan komandamızın almaniyalı çalışdırıcı oyun sonrası mətbuat konfransında yığmamızın belə rəqibə qarşı yaxşı oynadığını bildirib: “Belə azarkeş dəstəyi altında komandamız yaxşı oynadı. Kompakt oynayırdıq. Amma ötürmələrdə yanlışlığa yol verdirdik. Ümumilikdə, komandamdan razıyam. Yalnız ondan narazı qaldım ki, əks hücumlara atılıb qol vura bilmədik”.

Foqts daha sonra etdiyi əvəzetmələrə aydınlıq gətirib: “Əfran İsmayılov ilk yarıda özünü göstərə bilmədi. Ona görə də, onu Elşənlə əvəzlədim. Təəssüf ki, Elşən də heç nə ilə yadda qalmadı. Mən bu seçmə mərhələdən razı qalmadım. Çoxlu səhvlərə yol verdik. Arzu edirəm ki, bizim dostlarımız Türkiyə yığmasını final mərhələsində görək.

Məğlub olmuşuqsa, deməli, komandada problem var. Amma mən uduzmağı sevmirəm. Öz səhvimizdən qol buraxmışıq, gələcəkdə bunu aradan qaldırmağa çalışacağıq”.