Məmmədov Foqtsa qarşı çıxacaq?
14.10.2011 - 12:40
Məmmədov Foqtsa qarşı çıxacaq?
“Hər şey normaldır. Yığma komandadan qayıtdıqdan sonra AZAL-ın heyətində çempionatın növbəti turunun oyununa hazırlaşıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və AZAL klubunun futbolçusu Elşən Məmmədov deyib.

Avro-2012-nin qrup mərhələsində Avstriya ilə oyunda meydana çıxmayan 31 yaşlı futbolçu “Türk Telekom Arena”da Türkiyəyə qarşı matçda özünü heç cür göstərə bilmədi.

Fasilədən sonra Əfran İsmayılovun yerinə meydana Elşəni buraxan baş məşqçi Berti Foqts 85-ci dəqiqədə onu Arif İsayevlə əvəzləyib. Sözsüz ki, bu hal istənilən futbolçu üçün xoş deyil.

Amma Məmmədov hələlik bu məsələyə geniş şərh vermək istəməyib: “Gəlin, mən bu barədə bir az sonra danışım. Hər halda, cücəni payızda saymaq yaxşıdır. Bu barədə danışmaq üçün bir az zamana ehtiyacım var”.