Elnur Abdullayev: Qoy, “Bakı” klubu bizdən çəkinsin
20.10.2011 - 23:05
Elnur Abdullayev: Qoy, “Bakı” klubu bizdən çəkinsin
“Bakı” ilə oyuna yaxşı hazırlaşmışıq. Rəqib lider komandaya qarşı oynayacaq, qoy, onlar çəkinsinlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayev deyib.

Bu gün X tur çərçivəsində “Bakı”nın qonağı olacaq əyalət təmsilçisi paytaxta məğlub olmamaq üçün gəlib. Artıq oyunun hazırlığını yekunlaşdıran və oyunöncəsi son məşqini matçın keçiriləcəyi stadionda reallaşdıran “ağ-yaşıllar” rəqibi yenməyin yollarını bilir.

Yarımmüdafiəçi “Bakı”nın heyətində yer alan futbolçulardan sabiq “Xəzər Lənkəran”lı Uinston Parksın seçiləcəyini vurğulayıb: “Bakı” kollektiv oyuna üstünlük verir. Buna baxmayaraq, Parksın seçiləcəyini düşünürəm. O, özünü göstərmək üçün əlindən gələni edəcək”.

Futbolçunun sözlərinə görə, xal itirəcəkləri təqdirdə belə, çempionluq yolunda büdrəməyəcəklərini, sadəcə, “altılıq” oyunlarına indidən tədarük gördüklərini qeyd edib: “Xal itirsək, bu planımız pozmayacaq. Hələ qarşıda oyunlar çoxdur. O demək deyil ki, çempionluqdan məhrum olacağıq. İndidən istəyirik ki, “altılıq” oyunları üçün xal ehtiyatını artıraq ki, işimiz çətin olmasın. “Bakı” da güclü komandadır. Klub rəhbərliyi onlar üçün hər cür şərait yaradıb”.

Oyunun keçiriləcəyi “Bakı” klubunun təlim-məşq bazasına da toxunan futbolçu meydançanın yaxşı vəziyyətdə olduğunu qeyd edib: “Meydança çox yaxşıdır. Əsas problem oturacaqların sayının az olması ilə bağlıdır. Gələcəkdə artıracaqlarını deyiblər”.