“Şaxtyor” rəsmiləri Toni Adamsla görüşmək üçün Qəbələyə gəlib
20.10.2011 - 16:38
“Şaxtyor” rəsmiləri Toni Adamsla görüşmək üçün Qəbələyə gəlib
“Qəbələ” klubunun dəvəti ilə Ukraynanın “Saxtyor” komandasının rəsmiləri Azərbaycana səfərə gəliblər. Apasport.az saytının xəbərinə görə, Donetsk klubunun strategiya və marketinq direktoru Cozef Palmer və klubun futbol akademiyasının direktoru Patrik fon Liuven oktyabrın 20-dən 24-dək ölkəmizdə olacaqlar.

“Şaxtyor” klubunun rəsmiləri səfər çərçivəsində Qəbələdə bir sıra işgüzar görüşlər keçirəcəklər. Qonaqlar komandanın baş məşqçisi Toni Adamsla görüşəcək, klubun bazası, eləcə də Qəbələ Futbol Akademiyası və Futbolun Kütləviləşdirməsi Departamenti ilə tanış olacaqlar. Bundan əlavə “Şaxtyor” rəsmiləri U-11, U-13, U-14 çempionatlarının Şimal-Qərb regionu özrə oyunlarını izləyəcəklər. Ukrayna klubu nümayəndələrinin Azərbaycana səfəri bununla bitməyəcək. Belə ki, qonaqların oktyabrın 23-də “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Qəbələ” matçını da izləyəcəklər.

Qeyd edək ki, Qəbələ təmsilçisi Donetsk klubu ilə əməkdaşlığı genişləndirmək və son illər xeyli inkişaf etmiş bu komandanın təcrübəsindən bəhrələnmək niyyətindədir. Bu məqsədlə bir müddət öncə “Qəbələ” Futbol Klubunun baş meneceri Zaur Əzizov, marketinq üzrə meneceri Səməd Nəsibov və Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimov Donetsk klubunda olmuşdular.