Əlişanın maşını, Hacıyevin Redniki
20.10.2011 - 23:02
Əlişanın maşını, Hacıyevin Redniki
Lənkəranda orta nəslin nümayəndələri Əlişan kişini yaxşı xatırlayırlar. Tarixi keçmişi olan Böyük Bazarda nəzir yığan Əlişanı bəzən özündən çıxarmaq üçün bazarda alver edənlər, yanından ötüb keçənlər ona belə bir atmaca atardılar:

- Əlişan, maşın alacaqsan?
O da cavabında hündür və əsəbi, özünəməxsus gur səslə cavab verərdi.
- Alacam, alacam. Köpək uşaqları, baxarsınız, alacam!

İndi ölkənin idman mətbuatında Böyükağa Hacıyevin hər dəfə müsahibəsini oxuyanda uşaqlıq illərim, Əlişanla bağlı xatirələrim yada düşür. Sanki, jurnalistlər Əlişan kişi kimi Böyükağa Hacıyevi də özündən çıxarmaq üçün növbəyə düzülüb və sözləşiblər kimi, mütləq sonda Redniklə bağlı sual verib, illər öncə “Bakı” ilə çempion olmağı sözünün əvvəlində və sonunda xüsusi pafosla vurğulamaqdan doymayan mütəxəssisi qəribə vəziyyətə qoyub, kənardan gülürlər.

Maraqlıdır, eni-uzunu bilinməyən müsahibədəki fikirlər bir kənarda qalır, Rednik haqqında cümlə bütün bu müsahibələrin başlığına çevrilir. Şəxsən mənim üçün bu mənada artıq Böyükağa müəllimin müsahibələri ciddi bir açıqlama yox, uzaq yol gedərkən vaxt öldürmək üçün danışılan lətifələrə oxşayır.

Hacıyev artıq belə müsahibələrin birində Rednikə qarşı işlətdiyi ifadəsindən sonra gülünc vəziyyətdə məğlub duruma düşüb. Lənkəranda baş tutan “Böyük oyun”dan öncə “Rednik, xüsusi hazırlıq deyəndə, nəyi nəzərdə tutduğunu bilmirəm” deyərkən unutmuşdu ki, rumıniyalı həqiqətən Lənkərandakı bazadakı pişikləri belə əzəli rəqiblə oyuna xüsusi hazırlamağı, motivasiya etməyi bacarır.

Üstəlik, matçdan bir gün öncə keçirilən məşqdə Rednik 40 dəqiqəyə yaxın futbolçuları məhz cərimə zərbələri üzərində hazırladı ki, sonda da “ Xəzər Lənkəran” standart vəziyyətdən fərqləndi. Hətta görüşdə vurulan yeganə qol avtoqoldan vurulsa belə, bu, nəyi isə dəyişmir.

Hələ mən oyun sonrası keçirilən mətbuat konfransında Rednikin “Neftçi” ilə nənəm də oynayar” kimi, əslində qocaman kluba rəqib qismində güclü, böyük, hörmət olunası komanda mənasında işlətdiyi ifadəsini Böyükağa bəyin “Xəzər Lənkəran”la babam da oynayar” ifadəsi ilə çalışdığı klubu kiçiltdiyi cavabını demirəm.

Rednik bu ifadəni deməklə, “Neftçi”yə qarşı bütün cənub camiəsinin bir yumruq kimi birləşib, uşaqdan böyüyə hamının bu rəqibə qarşı qələbə üçün necə alışıb-yandığını, motivasiya olunduğunu deyərək, bu əhval-ruhiyyədən doğan ab-havanın təsirindən hətta nənəsinin belə “Neftçi”yə qarşı oynaya biləcəyini nəzərdə tutmuşdu. Lakin Hacıyev yenə Əlişan kişinin vəziyyətinə düşdü və Rednikin ifadəsinin mənasını tam anlamadan “baba məsələsi”ni ortaya atdı.

İndi Zaqatalada Ruslan Abışov rəqib futbolçunun ayağını “biçdiyi” zaman aldığı qırmızı yox, sarı vərəqənin güzəştindən həvəslənib “ İnter”lə oyunda da eyni hərəkəti təkrarlayırsa, buna siz günahkarsız Böyükağa bəy, şoumen Elçin Məmmədov yox. Komandanız Lənkəranda 90 dəqiqə boyunca cəmi bir dəfə rəqibin cərimə meydançasına daxil ola bilirsə, buna Rednikin nənəsi yox, siz məsuliyyət daşıyırsınız. Əgər “Neftçi” böyüklüyündə klubun məşqçisi “Xəzər Lənkəran”ın 5 dayanmış və hərəkətsiz halda qalan futbolçusunun arasında hakimin fitindən sonra qapıya zərbə endirən futbolçusunun epizodunda qolun hesaba alınmadığı bəhanəsini gətirirsə, bu yazını da davam etdirməyə dəyməz.

Bununla belə, sonda vurğulayım ki, mətbuat yenə öz işindədir. Kim əhvalını qaldırmaq istəyirsə, Böyükağa Hacıyevi tapır və suallarını könülsüz verib, cavab aldıqdan sonra gözləri işarmış halda soruşur:

- Böyükağa bəy, Rednik sizi turnir cədvəlində qabaqlayır...
Vəssalam! Yenə ucuz ifadələr, “Bakı” ilə qazanılan çempionluq və s və i. Söz yox ki, Hacıyev sonda çempion olacağını deməyi də unutmur.

P.S: Maraq üçün deyim ki, Əlişan kişi maşın ala bilmədi və indi haqq dünyasındadır.

Hüseyn CƏBRAYILOĞLU
apasport.az üçün