“Sumqayıt Şəhər” 2-ci qapıçısını da itirir
21.10.2011 - 09:04
“Sumqayıt Şəhər” 2-ci qapıçısını da itirir
Premyer Liqanın X turu çərçivəsində, oktyabrın 23-də “Turan”ın qonağı olacaq “Sumqayıt Şəhər” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Bernhard Raabın yetirmələri Tovuza itkilərlə yollanacaq.

Belə ki, Rəşad Kərimov, Samir Abdulov, Eşqin Quliyev, Orxan Həsənov və Aleksandr Qross zədəli olduğu üçün Tovuza aparılmayacaq. Premyer Liqanın son turunda “Bakı” ilə qarşılaşmada Andrey Popoviçin qırmızı vərəqə almasından sonra meydana daxil olaraq inamlı oyunu ilə alqış qazanan Sahil Kərimov da son məşqdə əzələsini dartıb. Adıçəkilən qolkiperin “Turan”la matçda oynayıb-oynamayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Sumqayıt Şəhər”in 3 üzvü – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov isə U-17-nin düşərgəsində İtaliyada təlim-məşq toplanışında olduğu üçün komandaya kömək edə bilməyəcək.

Mənbə: sumqayitpfc.az