AFFA Raulu mükafatlandırdı - FOTOSESSİYA
21.10.2011 - 11:01
AFFA Raulu mükafatlandırdı - FOTOSESSİYA
Ötən mövsüm 23 qolla “Azercell U-17 Liqa”nın bombardiri olmuş “Bakı”nın futbolçusu Raul Yaqubzadə bu gün AFFA tərəfindən mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, futbolçunun ötən il məzun olduğu 313 saylı orta məktəbdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun iştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Zakir Bayramov çıxış edib.

O, bildirib ki, orta təhsilini ötən il başa vurmuş Yaqubzadənin qazandığı uğur 313 saylı məktəbin müəllim kollektivinin və bütün şagirdlərinin böyük sevincinə səbəb olub. Bayramov tədbirin məktəbdə təşkil olunmasına görə AFFA-ya minnətdarlığını bildirib.

Nərimanoğlu çıxış edərək bombardiri təbrik edib, ona gələcəkdə də böyük uğurlar qazanmasını, ölkə daxili və beynəlxalq yarışlarda vurduğu qollarla azarkeşləri sevindirməyə nail olmasını arzulayıb. Çıxışlar bitikdən sonra Raula AFFA-nın hədiyyələri təqdim olunub.