Daha bir futbolçu milli komandamızda oynamaqdan imtina edir
21.10.2011 - 12:33
Daha bir futbolçu milli komandamızda oynamaqdan imtina edir
Daha bir futbolçu Azərbaycan millisinin şərəfini qorumaqdan imtina edir. Apasport.az saytının məlumatına görə, 19 yaşlılardan ibarət yığmamızın (U-19) hücumçusu Rizvan Umarov Rusiya millisində oynamaq niyyətindədir.

Bu ayın ilk yarısında İsveçdə Avropa çempionatının seçmə mərhələsində komandamızın heyətində oynayan Rizvan artıq U-21-ə dəvət olunub. O, noyabrın 7-dən 15-dək Almaniyanın Duysburq şəhərində keçiriləcək təlim-məşq toplanışına aparılacaq heyətə də daxil edilib.

Ancaq İspaniyanın “Deportivo Kastellon” klubunun 18 yaşlı futbolçusunun daha yığmamızda oynamaq istəmədiyi məlum olub. Bu barədə Rizvanın agenti Antonio Lopes açıqlama verib.

O İspaniya mətbuatına bildirib ki, Umarov artıq digər ölkənin xeyrinə seçim edib. Özü də Rusiya Futbol İttifaqından gələn zəngdən sonra. Umarov milliləşdirilən rusiyalı futbolçu olduğundan, tarixi vətəninin yığmasına üstünlük verib. O, bu ölkənin U-19 və U-21-də oynayıb, gələcəkdə əsas komandanın heyətində beynəlxalq görüşlərin iştirakçısı olacağına ümidlidir.

Qeyd edək ki, dünən U-19-un daha bir üzvü – Şamil Qurbanov da millimizdən imtina edib, Rusiya yığmasında oynamaq istədiyini söyləmişdi.