Mahir Şükürov: 6 aydan bir klub dəyişmək, heç də yaxşı hal deyil
21.10.2011 - 15:14
Mahir Şükürov: 6 aydan bir klub dəyişmək, heç də yaxşı hal deyil
“Qəbələ” ilə 2 illik müqavilə bağlamışam. Hələ qarşıdakı 1,5 ildə də bu komandanın uğurları üçün çalışmalıyam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qəbələ” klubunun müdafiəçisi Mahir Şükürov deyib.

Tez-tez klub dəyişməsi ilə qınaq obyektinə tuş gələn Şükürov indi başqa fikirdədir. Yalnız “Karvan”da 2 mövsüm oynayan futbolçu getdiyi digər komandalarda ən yaxşı halda, 1 il duruş gətirib. O, ictimai qınaqdan boyun qaçırmaq üçün “Qəbələ”də daha çox qalmaq fikrindədir: “Getsəm, deyəcəklər ki, yenə gəlib 6 ay oynayıb getdi. Bu klubda özümü yaxşı hiss edirəm və komanda ilə birgə uğurlar əldə etmək arzusundayam”.

Şükürov bildirib ki, tez-tez klub dəyişmək ona çox az halda uğur gətirib: “Bəzən bu məsələlərdə aldanmışam. Sonradan demişəm ki, gərək belə etməzdim. Amma “İnter”dən “Xəzər Lənkəran”a keçməyimə peşman deyiləm. Çünki cənub klubu ilə “Birlik Kuboku”nu qazandım, Azərbaycan kubokunun qalibi oldum. Amma altı aydan bir klub dəyişmək heç də yaxşı hal deyil”.

Qeyd edək ki, Mahir Şükürov “Qəbələ” klubuna Mahaçqalanın “Anji” komandasından keçib.