Kuman millimizlə görüşə namizəddir
21.10.2011 - 16:28
Kuman millimizlə görüşə namizəddir
Albaniya millisinin noyabrın 11-də Azərbaycan yığması ilə ev oyununa kimin rəhbərliyi altında çıxacağı hələ aydınlaşmayıb. Apasport.az saytının məlumatına görə, albanlar noyabrda 2 yoldaşlıq görüşü – bizimlə yanaşı, Makedoniya ilə oynamalı olsalar da, baş məşqçisi məsələsi hələ açıq qalır. Hazırkı xorvatiyalı çalışdırıcı Yosip Kuzenun müqaviləsi bu ilin sonuna kimi olsa da, onun dekabrın 31-ə kimi postundan gedəcəyi məlum olub.

Albaniya Futbol Federasiyası uğursuz nəticələr seriyasından sonra yeni baş məşqçi axtarmağa məcbur olub. Buna 2 namizəd var ki, onlardan Ervin Kuman daha tanınmışdır.

Belə ki, bu, ötənlərin məşhur hollandiyalı müdafiəçisi Ronald Kumanın qardaşıdır. Bir neçə gün öncə “Utrext” klubundan istefaya göndərilən Kuman vətənində “Feyenoord”, habelə Macarıstan yığmasını çalışdırıb. Onun rəqibi isə yerli mütəxəssis Besnik Hasidir. Albaniyalı 2008-ci ildə futbolçu karyerasını bitirib və “Anderlext”də köməkçi məşqçidir.