“Azərbaycan yığmasında oynamağın mənası yoxdur”
21.10.2011 - 16:42
“Azərbaycan yığmasında oynamağın mənası yoxdur”
“Atam mənə Azərbaycandan gələn təklifi qəbul etməyi məsləhət görməyib. Əksinə, həmişə məhz Rusiya millisindən şansı gözləməyi tövsiyə edib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya millisinin futbolçusu Aleksandr Səmədov deyib.

Moskva “Dinamo”sunun milliyətcə azərbaycanlı olan yarımmüdafiəçisi tarixi vətənindən imtina etməyi hələ də müzakirə mövzusudur. Səmədov artıq Rusiya yığmasının heyətində rəsmi oyunda meydana çıxsa da, bu ölkədəki həmkarlarımız onu ölkəmizlə bağlı sorğu-suala tutmaqda davam edir: “Bilirsiniz, atam Moskvaya 21 yaşında, hərbi xidmətdən dərhal sonra köçüb. İndi isə onun 60 yaşı var. Yəni həyatının 2/3-ni Rusiya paytaxtında keçirib. Biz evdə rusca danışırıq, mən hətta azərbaycanca bilmirəm. Ancaq ümumiyyətlə, atam həmişə məni dəstəkləyir və heç vaxt təzyiq etmir”.

Anası rus olan Aleksandr baş məşqçi Dik Advokatın onu ilk dəfə məhz indi çağırıb, oynatmağının millimizdə çıxış etmək məsələsinin birdəfəlik bağlanmağı ilə əlaqəli olmağına belə münasibət göstərib: “Qoy belə olsun, bu, mənim xətrimə dəymir. İstənilən halda, mən Azərbaycan yığmasında oynamağa getməzdim də. Mən Rusiyada oynayıram. Bəli, Azərbaycanın nümayəndələri mənə uzun illər müraciət ediblər. Onlar gəliblər və biz görüşmüşük. Ancaq həmişə demişəm ki, Azərbaycan komandasında oynamağın mənası yoxdur. Bu haqda orada bilirlər”.