“Neftçi” mövsümün sonunacan Rodriqinyosuz qaldı
24.10.2011 - 17:05
“Neftçi” mövsümün sonunacan Rodriqinyosuz qaldı
“Neftçi”nin braziliyalı futbolçusu Rodriqinyo cari mövsümdə komandaya kömək edə bilməyəcək. Bu barədə apasport.az saytına klubun prezidenti Sadıq Sadıqov məlumat verib.

O bildirib ki, ötən qış Braziliyanın “Santos” komandasından transfer etdikləri təcrübəli yarımmüdafiəçinin yaşıl meydana qayıdışı xeyli vaxt aparacaq.

Rodriqinyo iyulun 19-da Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə matçın 6-cı dəqiqəsində aldığı ağır zədə üzündən əvəzlənərək, birbaşa xəstəxanaya aparıldı. Müayinə onun əməliyyat olunmağının zəruriliyini göstərdi və o, bu məqsədlə iyulun 22-də vətəninə yollandı. Əməliyyat San Paolo klinikalarının birində reallaşdı. Sol dizinin ön çarpaz bağının tam qopması, xarici yan bağın tam qırılması və arxa çarpaz bağın qismən qırılması diaqnozu qoyulan Rodriqinyonun əməliyyatını məşhur həmyerlisi – Madrid “Real”ının ulduz futbolçusu Kakanı əməliyyat edən professor apardı.

Sadıqov böyük ümidlərlə transfer etdikləri 31 yaşlı legionerin vətənindəki bərpa prosesi haqda daim informasiya aldıqlarını bildirib: “Həkimlər onunla əlaqə saxlayaraq, aparılan müalicələrin gedişi ilə məlumatlanırlar. Futbolçumuzun zədəsi həddən artıq çox ağır idi. Bu zədədə bərpa prosesi ən azı 6 ay müddətində davam etməlidir”.

Prezident braziliyalının cari mövsümdə komandaya kömək edə bilməyəcəyi ilə barışıb və əsas ümidləri növbəti ilə bağlayır: “Elə başa düşürəm ki, Rodriqinyo bu il bizə kömək edə bilməyəcək. Özünüz bilirsiniz ki, futbolçunun 6 aydan sonra yenidən məşqlərə başlamağı lazımdır və 2 ay da belə çəkəcək. Çempionat da 10 aydan ibarətdir. Braziliyalı ilə 2 illik müqaviləmiz var. Yəqin ki, gələn il onun imkanlarından bəhrələnəcəyik. Rodriqinyo Azərbaycanda qısa müddətdə oyunu ilə öz sözünü dedi. Qismət belə oldu ki, bu cür ağır zədə oldu, 2 əzələ bağları qırıldı. Çox istərdim ki, gəlib, Azərbaycan çempionatında bizə kömək etsin”.

Qeyd edək ki, “Neftçi”yə keçidi uğurlu alınan Rodriqinyo ötən mövsüm komandanın heyətində qazanılan çempionluqda rol oynadı.

Mehman SÜLEYMANOV