Yığmamızın üzvü klubunun tarixində rekordçudur
26.10.2011 - 12:04
Yığmamızın üzvü klubunun tarixində rekordçudur
Ukraynanın “Uraqan” futzal klubu ad gününü qeyd edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Serjao və Biro Jadenin çıxış etdiyi İvano-Frankovsk təmsilçisinin 9 yaşında klubun tarixi ilə bağlı maraqlı göstəricilər də açıqlanıb. Söhbət 9 il ərzində ən çox oyun keçirənlər və bombardirlər siyahısından gedir. Hər 2 futzalçımız da bu siyahılarda yer alıb.

Komandasında 36 matç keçirən Serjao “Uraqan” tarixinin 21-ci, hesabında 2 matç az olan Biro Jade 22-ci oyunçusudur. Bu göstəricidə rekord isə 270 dəfə meydana çıxan Roman Yariyə məxsusdur.

Bombardirlər siyahısında isə təmsilçilərimiz daha yüksək mövqelərdədir. 45 dəfə qol sevinci yaşayan Serjao ümumi siyahıda 6-cıdır. 16-cı olan Biro Jade isə 12 dəfə fərqlənib. Ən məhsuldar oyunçu Valentin Svelixin hesabında 170 qol var.

Serjao isə klubun tarixində ən məhsuldar oyunçudur. O, 36 matçda 45 qol vurmaqla orta məhsuldarlıqda fantastik göstəriciyə malikdir – hər oyuna 1,25 qol. Klubun tarixində braziliyalımızdan başqa bombardirlərdən yalnız Svelixin nəticəsi vahiddən kiçik deyil – 170 oyuna 170 qol, yəni orta hesabla 1,00.