Rəşad Sadıqov: İcazə versəydilər, əlim gipsdə qaçardım
01.11.2011 - 14:15
Rəşad Sadıqov: İcazə versəydilər, əlim gipsdə qaçardım
“Karyeramda ilk dəfədir belə zədə ilə üzləşirəm. Heç vaxt məndə sınıq olmayıb, gipsdə gəzməmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.

Çıxış etdiyi “Qarabağ”ın məşqində qolu qırılan 29 yaşlı müdafiəçi təxminən 1 ay yaşıl meydandan kənarda qalacaq. Bu üzdən nəinki klubuna, millimizə qarşıdakı səfər oyunlarında kömək edə bilməyəcək Rəşad Albaniya və Almaniyaya aparılmayacaq: “Əlbəttə, millimizin düşərgəsində olmayacağıma, qarşıdakı yoldaşlıq görüşlərində meydana çıxa bilməyəcəyimə görə üzülürəm. Ancaq Allaha şükür, yaxşı qurtardım. Yerə yıxılanda dirsəyimin üstünə düşdüm. Sonra ayağa qalxıb, məşqi davam etdirdim. Həmin anda qolumun qırıldığını hiss etmədim. Amma sonradan güclü ağrılar hiss etdim, qolum şişmişdi. Qolumdakı sarğı 3 həftə sonra açılacaq. Ancaq bundan əvvəl məşq etmək istəyərdim. Həkimlər icazə versəydi, əlim gipsdə qaçardım. Çünki bu müddətdə formamı itirməmək, formada qalmaq istəyirəm. Yaxşı ki, seçmə mərhələni sağ-salamat qurtardıq, belə zədə ilə rəsmi oyunlarda üzləşmədim. Onda yığmamıza kömək edə bilməsəydim, daha çox təəssüflənirdim”.

Sadıqovun kənarda qalmağı ilə millidə oyun sayında rekordçu olmayacaq. Çünki bu il onunla eyni sayda meydana çıxan, yığmamızın bütün matçlarını əvəzedilmədən keçirən qapıçı Kamran Ağayev Albaniya ilə noyabrın 11-də Tiranadakı yoldaşlıq görüşündə iştirak etməklə, artıq mütləq rekordçuya çevriləcək.

AFFA il ərzində millidə ən çox oyun keçirən futbolçunu mükafatlandırır ki, buna ötən il Mahir Şükürov layiq görülmüşdü. Karyerasında çoxlu mükafatlar qazanan Rəşad növbətini almaq imkanından məhrum olduğuna görə üzülmür: “Qismət belə imiş. Kamran da milli komandamızın aparıcı futbolçularındadır. Mükafat ona çatacaqsa, deməli, onun qismətində imiş. Mənim üçün ildə yox, millidə ümumilikdə oyunların sayı əsasdır. Mən bunda sayı artırıb, rekordçu olmaq istəyirəm”.

Mehman SÜLEYMANOV
0