“Quzanlıdakı yenilgi futboldan kənar səbəblərə görə baş verdi” - MÜSAHİBƏ
01.11.2011 - 16:36
“Quzanlıdakı yenilgi futboldan kənar səbəblərə görə baş verdi” - MÜSAHİBƏ
“İnter”in futbolçusu Valeri Abramidze klubun saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, gürcüstanlı legioner IX turun “Rəvan”la oyunu, I dövrənin yekunları və “Turan”la qarşıdakı matç haqda danışıb.

- “Rəvan”la matç barədə nə deyə bilərsiniz?
- Oyun çox mürəkkəb alındı. Səmimi desəm, bilirdik ki, oyun belə də olacaq. Deyim ki, bizim üçün əsas məsələ 3 xalı əldə etmək idi və çox xoşdur ki, bu məqsədimə çatmağı bacardıq.

- Bununla belə, matçın sonunda komanda oyuna nəzarəti itirdi …
- Bəli, biz rahatlaşdıq və az qala buna görə cəzalanacaqdıq. Rəqib bir qolun əvəzini çıxa bildi, lakin bununla belə, bizə qalibiyyət hesabını qorumaq mümkün oldu.

- Siz komandanın birinci dövrəni tam və əvəzedilmədən başa vuran yeganə üzvüsünüz. Əvvəldən sonadək oynamaq və belə qrafikə dözmək çətin deyil?
- Əlbəttə ki, çətindir. Bundan başqa, qeyd etmək istərdim ki, ən çətin olanı meydança dəyişməkdir. Deyim ki, süni ot örtüyündən təbii ot örtüyünə keçid ən çətin prosesdir.

- Birinci dövrənin yekunlarını necə qiymətləndirirsiniz. Başa çatan ilk dövrə “İnter” üçün necə alındı?
- Hesab edirəm ki, birinci dövrə bizim üçün yaxşı alındı. Onun yekunlarını müsbət qiymətləndirirəm. Lakin bizim əsas oyunlarımız hələ irəlidədir. Demək istərdim ki, bizə heç bir halda rahatlaşmaq olmaz, axı hər turda rəqiblər bizə qarşı daha çox köklənirlər.

- Birinci dövrədə hansı qarşılaşma daha çox yadınızda qaldı?
- Bir çox oyunları qeyd etmək olar, lakin mənim üçün daha çox “Qarabağ”a qarşı Quzanlıda keçirdiyimiz oyun yadda qaldı. Bu matçda biz təəssüf doğuran məğlubiyyət aldıq. Bu da futboldan kənar səbəblərə görə baş verdi. Axı həmin oyun dözülməz istidə baş tutdu. Bir də ki, meydança yaxşı vəziyyətdə deyildi.

- “İnter” ikinci dövrəyə “Turan”la səfər oyunuyla başlayacaq. Bu komandayla gözlənilən oyun barədə nə deyə bilərsiniz?
- “Turan” - güclü xarakterə malik çox yaxşı komandadır. Bundan başqa, onlar müdafiə futbolu oynayırlar, belə komandalara qarşı oynamaq kifayət qədər çətindir. Bir də ki, “Turan”a çox təcrübəli məşqçi rəhbərlik edir. Bir sözlə, matç çox çətin olacaq, lakin biz Tovuza qələbə ardınca gedirik. Şəxsən mən Tovuz stadionunda qazonunun komandalara yaxşı futbol sərgiləməyə imkan verməsini istərdim.