Antonio Semedo: “Xəzər Lənkəran”da güclü rəqabət var
01.11.2011 - 23:17
Antonio Semedo: “Xəzər Lənkəran”da güclü rəqabət var
"Məqsədimiz həm çempion olmaq, həm də kuboku qazanmaqdır". Apasport.az saytının məlumatına görə, bunu "Xəzər Lənkəran"ın portuqaliyalı legioneri Antonio Semedo deyib.

Təcrübəli yarımmüdafiəçi Rumıniya mətbuatına Azərbaycanda işlərinin yaxşı getdiyini bildirib: "Allaha şükür ki, burada özümü xoşbəxt sayıram. Çox şadam ki, yaxşı komandada oynayıram. Burada çox sayda rumın, portuqal və ispan futbolçular çıxış edir. "Xəzər Lənkəran"da özümü ailədəki kimi hiss edirəm".

32 yaşlı futbolçu, baş məşqçi Mirça Rednik haqda da müsbət fikir söyləyib: "Hörmətli Mirça Rednik məni oyunlara kökləyir. O, çox yaxşı məşqçidir və hər məşqdə möhtəşəm ab-hava olur. Komandamızda güclü rəqabət var. Ümumiyyətlə, heç bir məşqçinin futbolçuya təzyiq etməyə haqqı çatmır və bu, qəbulolunmazdır".

Semedo komandasının iddali olduğunu bildirib: "Məqsədimiz çempion olmaqla yanaşı, kuboku qazanmaqdır. Necə ki, Rumıniyada bu hədəflərə çatmışam. Avropa yarışında iştirak etmək üçün ölkədaxili turnirdə uğur qazanmaq vacibdir".