Tuyqun Nadirov: Atası ölübsə, sənəd gətirsin!
02.11.2011 - 18:02
Tuyqun Nadirov: Atası ölübsə, sənəd gətirsin!
“Rikardo Qomeş atasının vəfat etdiyini əsas gətirdi və icazə alıb vətəninə yollanıb. Amma hələ də gəlməyib. Artıq narazılığımızı futbolçunun özünə və agentinə bildirmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

O bildirib ki, hələ də Braziliyadan klubun düşərgəsinə qayıtmayan Qomeşlə bağlı AFFA-ya müraciət ediblər: “O, yaxın adamını itirən ilk adam deyil ki? Atası ölmüşdüsə, artıq geri dönməli idi. Amma biz buna da şübhə edirik. Bu səbəbdən ondan atasının ölümünü təsdiqləyən sənəd gətirməsini tələb etmişik. Lakin hələ nə özü var, nə də kağız. Bu haqda AFFA-nı məlumatlandırmışıq. Lakin hələ FİFA səviyyəsinə qalxmayıb. Bu proses mərhələ-mərhələ olan işdir. İlk növbədə AFFA-ya müraciət etmişik”.

Nadirov rumıniyalı legioner Manuel Skarlatake ilə bağlı məsələdə hələlik qərar qəbul olunmadığını söyləyib: “Onunla bağlı FİFA-ya şikayət etmişdik. Artıq neçə aydır ki, məsələdən səs-soraq çıxmayıb. Onlardan cavab gözləyirik”.

Vitse-prezident sabiq futbolçuları Tixon Şişovun Estoniya yığmasına hər dəfə dəvət alanda “Xəzər Lənkəran”ın üzvü kimi təqdim olunmasına da münasibət bildirib: “Federasiya heyəti açıqlayanda, futbolçunun son klubunun hansı olduğuna baxır. Sənədlərə nəzər salıb, reallığı araşdırmırlar. Yığmaya çağıranda buna uyğun sənəd də göndərirlər. Uinston Parks artıq neçə aydır klubumuzu tərk edib. Lakin onu yığmaya dəvət edəndə yenə faksı bizə göndərirlər. Şişov məsələsinə gəlincə, biz onu transferə çıxarmışdıq. O, klub tapmamışdısa, geri qayıtmalı idi. Lakin bundan imtina etdi. Buna baxmayaraq, biz onun maşını ödəməklə müqavilənin şərtlərinə əməl edirdik. Sonra isə qayıtmadığını görüb, FİFA-ya müraciət etdik. Hələlik bu məsələdə də qərarı gözləyirik”.

Sabah Azərbaycan Premyer Liqasının ötən mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Bu isə “Xəzər Lənkəran”ın XII turun “Neftçi” ilə prinsipial oyununa hazırlıq planının pozulmasına səbəb olub: “2010/11 mövsümünün qaliblərinin mükafatlandırılması mərasiminin sabah keçirilməsi komandamızın “Neftçi” ilə oyununa hazırlığına təsir edir. Hazırda komanda oyundan çox tədbirə hazırlaşır. Belə derbi oyununa Lənkəranda hazırlaşırdıq. Lakin tədbir üzündən paytaxta gəlməyə məcburuq. Oyunumuz səfərdə keçirildiyindən tədbirdən sonra da Bakıda qalıb hazırlıq keçmək məcburiyyətindəyik”.

Nadirovun fikrincə, bir komandanın futbolçularının rəqib oyunçuları qarşısında qızıl medal alması prinsipial oyun öncəsi ciddi stimul ola bilməz: “Tədbirin belə vaxtda keçirilməsi federasiyanın, PFL-in qərarıdır, biz də orada iştirak etməliyik. Lakin bizə elə gəlir ki, bu heç də yaxşı vaxt deyil. Mərasim üçün daha yaxşı vaxt seçmək olardı. Yoxsa ki, derbi oyunundan əvvəl futbolçular bir araya yığışıb, şənlik keçirməsi düzgün deyil. Tədbirdə qızıl medalların “Neftçi”yə verilməsi, derbidə hansısa komanda üçün stimul deyil. Bu o qədər də böyük əhəmiyyət kəsb etmir”.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu tədbirdən 3 gün sonra noyabrın 6-da baş tutacaq.
0