“Qarabağ” digərlərindən çox geridə qalır”
04.11.2011 - 13:11
“Qarabağ” digərlərindən çox geridə qalır”
“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəlin apasport.az saytına müsahibəsi

- Komandanın son oyunları haqda nə deyə bilərsiniz?
- “Neftçi” ilə görüşdə baş verənlərə görə üzülməmək mümkün deyil. Birinci hissədə komandamız hesabda 2 top fərqi ilə irəlidə olsa da, sonradan qapımızdan 3 top buraxıb uduzduq. Bu, şəxsən mənə pis təsir etdi. Ancaq “Bakı” ilə qarşılaşmada sevindik. Quzanlıya qayıtmağımız, oradakı meydançanın yaxşı vəziyyətə gətirilməsi müsbət nəticələr qazancağımıza ümidimizi artırıb. Ona görə də keçmişə deyil, gələcəyə baxmaq lazımdır. Komandanın qarşısına çempion olmaq məqsədi qoyulub. İnşallah, Quzanlıda, azarkeşlərimizlə birlikdə buna nail olacağıq.

- Qışda hansısa transferlər gözlənilirmi?
- Komandamızın məqsədi hər zaman yerli futbolçulara üstünlük vermək olub. Artıq lazım olan kadrlarımız var. Baş məşqçi Qurban Qurbanovla danışacağıq. Bildiyimə görə, o, yeni futbolçu transfer etmək haqda düşünmür. Böyük ehtimalla, bu heyətlə yolumuza davam edəcəyik.

- Son vaxtlar Qurban Qurbanovun adı yığmanın baş məşqçisi postuna namizədlərlə yanaşı çəkilir. Buna sizin münasibətiniz necədir?
- Biz Qurban müəllimi komandada görmək istəyirik. Onun qazandığımız uğurlarda çox böyük zəhməti var. Artıq onunla müqaviləni 2 il müddətinə uzatmışıq. Qurbanov 2013-cu ilə qədər komandamızda çalışacaq. Yığma komandada bizimdir. Futbolçularımız milliyə dəvət olunması bizim üçün fəxrdir.

- Komanda üçün baza inşa etdirməsi ilə bağlı nə kimi yeniliklər var?
- Sənədləri uzun müddətdir AFFA rəhbərliyinə təqdim etmişik və indi onların cavabını gözləyirik. Suraxanıdakı Tofiq İsmayılov adına stadion klubun bazasına verilərsə, biz orada komandamız üçün, eləcə də uşaq futbol akademiyası üçün çox yüksək səviyyədə bir təsis inşa etdirəcəyik. Hələ cavab gözləyirik.

- Əvvəllər qarşıya qoyulan məqsəd haqda söz düşəndə, “Qarabağ” Avropa Liqasına vəsiqə qazanmaq istədiyini deyirdi. Ancaq bu il hamı çempionluq haqda danışır. Necə düşünürsünüz, heyət tam “bişibmi”?
- Builki “Qarabağ” indiyəqədərki komandalar arasında ən güclüsüdür. Qurban Qurbanov və komanda üçün hər cür şərait yaratmışıq. Artıq bundan sonra söz onlardadır. Çempionluğu qazanmalıdırlar.

- Maraqlıdır ki, “Qarabağ” son 3 mövsümün birinci dövrəsində zəif çıxış edir, ardıcıl xallar itirir...
- Bundan mən də baş açmıram. Necə olur ki, 2:0 hesabı ilə qalib gəldiyin oyunu sonradan uduzasan? Görünür, bu da birinci dövrəyə təsadüf etdiyi üçün belə olub. Analiz etmişik, səbəbini aydınlaşdıra bilməmişik. Ancaq belə bir fakt var. Onu da qeyd edim ki, Quzanlıdakı meydançamız düzəlib. Bütün ev oyunlarımızı orada keçirməyə çalışacağıq. Azarkeş amili vacib faktordur. Onların olmaması futbolçunun keyfiyyətli oynamasına imkan vermir.

- Klublarımız arasında reytinq göstəricisinə görə “Qarabağ” öndədir. Əgər komandanız çempion olarsa, Avropa Liqasında qrup mərhələsinə düşmək şansı xeyli artacaq. Bundan istifadə etməyi düşünürsünüzmü? Hansısa səfərbərlik edilibmi?
- Əlbəttə, bundan istifadə etməyi düşünürük. Komandada oyunu quran Qurban müəllimdir. Oyunçularla dialoqumuz yaxşıdır. Nə lazımdırsa, ən yaxşısını etməyə çalışırıq. Hər cür imkanlarımız var. AFFA-dan müsbət cavab aldıqdan sonra infrastrukturu da həll edəcəyik. Bu heyətlə məqsədimizə nail olacağımızı düşünürəm.

- Rəşad Sadıqovun qolu sınıb. Onun yoxluğu komandaya mənfi təsir göstərə bilərmi?
- Onun yoxluğu bizi narahat edir. Rəşadla söhbətimiz olub. Həkimlər ona 2-3 həftə oynamamağını məsləhət görüb. Mən də ondan tələsməməyi xahiş etmişəm. Ola bilsin, onun yoxluğu işimizi bir qədər çətinləşdirsin. Bir həftə sonrakı nəticəyə baxacağıq.

- O, əməliyyat olunacaqmı?
- Bu hadisələrin gedişatına bağlıdır. Həkim məsləhət bilsə, edəcəyik.

- Siz də, ötən mövsüm qazandığınız bürünc medallar qovuşdunuz. 2010/2011-ci il mövsümü yaddaşınızda necə qalıb?
- “Qarabağ” son 3 ildə Azərbaycanı Avropada ən yaxşı təmsil edən komandadır. Təbii ki, yayda bir addım irəli getməyimizi gözləyirdim, amma alınmadı. Qarşımıza çox güclü rəqib çıxdı. Bu gün məni daha çox infrastrukturla bağlı məsələlər narahat edir. “Qarabağ” bu göstəricidə digər klublarımızdan çox geridə qalır. Uşaq komandaları yaratmışıq, Türkiyədə Uğur hocanı dəvət etmişik, əsas komandanın çıxışından razıyam və daha da yaxşı olacaq. Amma özüm-özümə sual verirəm ki, niyə “Qarabağ”ın infrastrukturu yoxdur? Bu il bütün gücümüzü bu sahəyə verəcəyik. Ötən il üçüncü olduq, razı qaldım. Bu dəfə çempionluq uğrunda mübarizə aparacağıq. Ancaq birinci və ya ikinci yeri tutmaqla Azərbaycan futboluna heç nə vermirsən. Əsas odur ki, gələcəyimizin ulduzları 12-13 yaşındakı uşaqlardı. Onlar üçün şərait qurmalıyıq. Suraxanı uyğun yerdir, havası təmizdir. Tamaşaçılarımızın gələ biləcəyi yerdir. Binəyə getmək istəmirlər. AFFA rəhbərliyi müsbət cavab verdikdən sonra işlərə başlayacağıq.