“Qarabağ” Madrid “Real”ına nümayəndə göndərir
04.11.2011 - 13:25
“Qarabağ” Madrid “Real”ına nümayəndə göndərir
“Avropa Liqasında qarşılaşdığımız klubların hamısı ilə işbirliyi yaratmışıq. Bir müddət əvvəl baş məşqçimiz Qurban Qurbanov Dortmunda yollanıb, “Borussiya”nın məşqlərində iştirak etdi”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Son günlərdə bir neçə komandamız Avropa klubları ilə əməkdaşlıq müqaviləsi imzalayıb. “Bakı “Boloniya” ilə, “Turan” isə “Barselona”nın futbol akademiyası ilə ortaq məxrəcə gəlib. “Qarabağ”da bu sahədə müəyyən işlər görür. Ağdam təmsilçisi daha çox avrokuboklarda rəqib kimi üz-üzə gəldiyi klublarla sonradan əməkdaşlıq müqaviləsi imzalayıb.

Bundan başqa, təmsilçimiz hazırda “Barselona” və Madrid “Real”ı ilə danışıqlarını davam etdirir: “Barselona” və Madrid “Real”ı ilə danışıqlarımız davam edir. Məqsədimiz baş məşqçi və fizioterapevti təcrübə keçmək üçün həmin klubların düşərgəsinə göndərməkdir. Bura uşaqların göndərilməsi də daxildir. Məsləhət bildiyimiz uşaqları onlara təklif edəcəyik”.

Klub rəsmisi hələlik konkret olaraq hansısa modeli seçmədiklərini də qeyd edib: “Tvente”, “Brügge”, “Borussiya”, “Visla” ilə əlaqələrimizi kəsməmişik. Onlarla məsləhətləşmələrimiz davam edir. Digər yandan “Barselona” və Madrid “Real”ı ilə danışıqlar aparırıq. Bu yaxınlarda Qurban müəllimi Kataloniya, fizioterapivtimizi isə Madrid təmsilçisinin düşərgəsinə göndərəcəyik. Bu arada futbolçuların da təcrübə toplaması, eləcə də qarşılıqlı oyunların keçirilməsi istiqamətində çalışmalarımız davam edir”.
0