PFL-dən işsizlər üçün mükafat
04.11.2011 - 14:03
PFL-dən işsizlər üçün mükafat
Azərbaycan futbolunda yeni, maraqlı tendensiya müşahidə olunur. Apasport.az saytının məlumatına görə, bu ənənə mövsümün ən yaxşı məşqçisi ilə bağlıdır.

Belə ki, ardıcıl 2-ci ildir mövsümün ən yaxşı çalışdırıcısı mükafatı işsiz mütəxəssisə verilir. Yəni, arxada qalan mövsümün qəhrəmanı layiq olduğu mükafata qovuşanadək vəzifəsindən azad edilir.

Peşəkar Futbol Liqasının dünən təşkil etdiyi tədbirdə 2010/11 mövsümünün ən yaxşısı kimi mükafat indi işsiz olan Arif Əsədova təqdim olundu. Ötən mövsüm “Neftçi”ni çempion edən çalışdırıcı həm qızıl medalını, həm də fərdi mükafatını klubsuz qaldığı vaxt aldı.

Maraqlısı odur ki, ona mükafatı təqdim edən əvvəlki qalib Ramiz Məmmədov da eyni aqibəti yaşayıb. 2009/10 mövsümünün ən yaxşı məşqçisi adına ötən ilin payızında qovuşan Məmmədov həmin vaxt artıq “Qəbələ”dən kənar düşmüşdü.

Onlardan fərqli, PFL-in ən yaxşı məşqçi mükafatı verdiyi ilk mütəxəssis postunda duruş gətirib. Lakin 2008/09 mövsümündə “Simurq”u çalışdıran Roman Pokoranın bəxti başqa şeydə gətirib. Belə ki, o, mövsüm bitəndən dərhal sonra keçirilən mükafatlandırma mərasimində qalib kimi təqdim olunub. Bundan sonra daha 1 mövsüm Zaqatala təmsilçisində qalan Pokoranın saxlanılmasında bəlkə də elə bu amil rol oynayıb.

Bilmək olmaz ki, həmin tədbir payızadək yubansaydı, ən yaxşı olduğu bilinməyən Pokora iş başında qalardı ya yox...