İqor Mitreski: “Xəzər Lənkəran”la oyun - əsl derbidir! - MÜSAHİBƏ
04.11.2011 - 15:17
İqor Mitreski: “Xəzər Lənkəran”la oyun - əsl derbidir! - MÜSAHİBƏ
“Neftçi” klubunun makedoniyalı futbolçusu İqor Mitreskinin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”la noyabrın 6-da keçiriləcək derbi matça necə hazırlaşırsınız?
- Çox ciddi. Prinsipcə, bir futbolçu kimi mənim üçün əsas budur. Karyeram boyu harada oynamağımdan və rəqibdən asılı olmayaraq, ilk növbədə 3 xal haqda düşünmüşəm. “Xəzər Lənkəran”la görüşdə də yalnız qələbə haqda fikirləşirik. Bizim üçün əsas yaxşı oynayıb, qalib gəlməkdir. İndi “Neftçi” yüksəlişdədir və ümid edirik ki, bunun nəticəsini görəcəyik. Fikrimcə, hər bir futbolçu baş məşqçinin tapşırığını yerinə yetirib, meydanda maksimum gücü ilə oynamağa çalışacaq. Ən əsası, komandamızın öz oyununu göstərməsidir.

- Ötən mövsümdən etibarən “Neftçi” – “Xəzər Lənkəran” derbisinin iştirakçısı olursunuz. Artıq 7 belə oyunda meydana çıxmısınız. Bizdə “Böyük oyun” adlandırılan bu matç haqda təəssüratlarınız necədir?
- “Xəzər Lənkəran”la oyun - əsl derbidir! Bir az bəxtimiz gətirmir. Məsələn, ötən mövsüm ilk dövrədəki oyunda kuryoz qol buraxıb uduzduq. Ancaq futbol belə gözlənilməzliklərlə maraqlıdır. “Xəzər Lənkəran”la oyunlarda bəxtimiz gətirmir. Ancaq indi yaxşı nəticəyə ümidliyəm. Evdə, azarkeşlərimiz qarşısında oynayacağıq. Ümid edirəm ki, bizdə hər şey alınacaq.

- Bəs bizim əsas derbinin səviyyəsi sizi qane edirmi?
- Hər yerdə belədir, əgər derbi varsa, futbolçu bir az həyəcanlanır. Ancaq futbol bununla maraqlıdır. Əgər derbidə oynayırsansa, bu, həmişə maraqlıdır, elə deyil?

- Əlbəttə...
- Mən də belə düşünürəm. Derbidə futbolun keyfiyyəti yüksək olur və 2 səviyyəli komandanın görüşünü üzləyə bilirsən. Əgər uğur da tərəfimizdə olarsa, istəyimizə çatacağıq.

- Uzun illər Moskva “Spartak”ında oynamısınız. “Neftçi” – “Xəzər Lənkəran” matçını, misal üçün, “Spartak” – MOİK derbisi ilə müqayisə edə bilərsiniz?
- Açıq deyim ki, müqayisə olunmazdır. Bu da başa düşüləndir. Hər halda, Rusiya çempionatının səviyyəsi çox yüksəkdir, stadionuna çoxlu azarkeşlər yığılır. Yadımda qaldığı qədər, “Spartak” – MOİK derbisində tribunalarda 70-80 min azarkeş yer almışdı.

- Lənkəranda da həmişə stadion dolu olub. Bəs sizcə, Bakıda bunun şahidi olacağıq?
- İnanıram ki, bu dəfə stadionda azarkeşlər yetərincə olacaq.

- İndiki çempionatın lideri olan “Xəzər Lənkəran”ı necə xarakterizə edərdiniz?
- Yaxşı, komplektləşmiş komandadır. Heyətində çox yaxşı futbolçular var. Ancaq onlar da başa düşməlidir ki, “Neftçi” son çempiondur. Yəni, indiki lider çempiona qarşı oynayacaq. Fikrimcə, biz bu dəfə evdə “Xəzər Lənkəran”dan güclü olacağıq.

- “Neftçi”də mövsümlərarası fasilədə baş məşqçi dəyişikliyi oldu. Böyükağa Hacıyevin gəlişindən sonrakı komandanı necə dəyərləndirərdiniz?
- Prinsipcə, heyətimizi qorumuşuq, 90 faiz əvvəlki heyətdir. Yeni baş məşqçi də öz işini yaxşı görür. Ümid edirik ki, onunla da hər şey bizdə alınacaq və yenə çempion olacağıq.

- Komandanız 3 ilə yaxındır “Xəzər Lənkəran”a qalib gələ bilmir. Bu haqda məlumatlısınız?
- Bəli. Hər şey haqda məlumatlıyam. Çünki artıq il yarımdır buradayam, 2-ci mövsümdür “Neftçi”də çıxış edirəm. Prinsipcə, Azərbaycan çempionatı haqda demək olar hər şeyi bilirəm, ənənə ilə tanışam.

- Sizcə, statistika nəsə deyir?
- Bu dəfə uğursuz seriyanı qıra biləcəyimizi düşünürəm.

- Buna nəyin hesabına nail ola bilərsiniz?
- Keyfiyyətli, məzmunlu oyun hesabına. Səviyyəli futbolçularımızla qalib gələ bilərik.

- Bir müdafiəçi kimi, “Xəzər Lənkəran”ın hücum xəttinə necə qiymət verərdiniz? Rəqibin heyətində sizin kimi keçmiş Yuqoslaviyanın təmsilçisi olan, “Neftçi”də oynadığı 3 ildə onu yaxşı tanıyan serbiyalı hücumçu Branimir Subaşiç var...
- Yaxşı hücumçudur. “Xəzər Lənkəran”ın güclü ön xətti var. Ancaq bizim də yaxşı, etibarlı müdafiə xəttimiz var. Futbolda əsas komanda oyunudur.

- Ötən mövsümün qaliblərinin mükafatlandırılma mərasimi “Neftçi” – “Xəzər Lənkəran” matçından öncə keçirildi. Necə düşünürsünüz, bu, hansı komandaya əlavə stimul verir?
- Əsas sonluqdur. “Neftçi” ötən mövsümün qalibi oldu. İndi yalnız “Xəzər Lənkəran”dan geri qalırıq. Ancaq 4 xallıq fərqi aradan qaldıra bilərik. “Neftçi”nin prezidenti Sadıq Sadıqova minnətdaram ki, həmişə qarşımızda ən yüksək məqsədlər qoyur. Hər bir futbolçu klubun qarşıya qoyduğu vəzifəni yerinə yetirməlidir. Artıq debüt mövsümündə ölkə çempionu oldum. Burada qazandığım, aldığım qızıl medal mənim üçün önəmlidir və karyeramda öz yeri var.

Mehman SÜLEYMANOV
0