“Yəqin ki, medalımı Tahir Süleymanov götürüb”
04.11.2011 - 15:39
“Yəqin ki, medalımı Tahir Süleymanov götürüb”
“Mən mükafatlandırılma mərasiminə qatılmadım. Düzü, komandadan dəvət gəlmişdi. Amma Bakıdan kənarda idim. Əgər bir neçə gün öncə xəbərim olsaydı, işimi buna görə qurardım. Dəvət ediblərsə, yəqin mənim də adıma medal ayrılıb. Yəqin ki, medalımı Tahir Süleymanov götürüb”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin sabiq futbolçusu, az öncə “Neftçi” klubundan uzaqlaşdırılan Elmar Baxşıyev deyib.

“Ağ-qaralar”la yayadək müqaviləsi olan Baxşıyev bildirib ki, hələlik heç bir klubdan dəvət almayıb: “İnşallah, qışı gözləməyi məsləhət görürəm. Qiyabi söhbətlərin haradan qaynaqlandığını bilmirəm. Hələlik hansısa klubla danışığım olmayıb”.

Baxşıyev “Neftçi”dən öncə “Xəzər Lənkəran”ın da şərəfini qoruyub. Yarımmüdafiəçi bazar günü baş tutacaq “Böyük oyun”u bu dəfə kənardan izləyəcək: “Proqnoz verməyi xoşlamıram. Amma deyə bilərəm ki, bu oyunda “Neftçi” qalib gələcək. “Neftçi”nin futbolçuları fərdi keyfiyyətlərinə görə, “Xəzər Lənkəran”dakından daha güclüdür. “Neftçi”də oyunun taleyini həll edən oyunçular daha çoxdur. Rəşad Abdullayev və Flavinyonun adını çəkə bilərəm. Lənkəran klubu isə kollektiv oyununa görə fərqlənir”.