3 “azərbaycanlı” Azərbaycana qarşı
04.11.2011 - 17:30
3 “azərbaycanlı” Azərbaycana qarşı
Azərbaycanda oynayan albaniyalı futbolçulardan üçü milli komandalarından dəvət alıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçiləri Admir Teli ilə Ansi Aqolli və AZAL-ın yarımmüdafiəçisi Ervin Bulku noyabrın 11-də yığmamızla yoldaşlıq görüşünə çağırılıb.

Onlar Premyer Liqamızda tanış futbolçulara qarşı oynamaq imkanı qazanacaqlar. Belə ki, “Qarabağ”dan Rəşad Sadiqov, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov Tiranaya yollanan heyətdə yer alacaq. AZAL-dan isə həmin görüşə yalnız Elşən Məmmədov dəvət alıb.

Premyer Liqanın daha bir albaniyalı legioneri Elvin Beçiri isə çıxış etdiyi “Xəzər Lənkəran”ın futbolçularına qarşı oynaya bilməyəcək. Çünki uzun müddətdir yaşıl meydandan kənarda qalan müdafiəçi hələ də müalicə olunduğundan, yığmadan dəvət almayıb.