Elmir Əliyev: Qışda həmin futbolçuları yola salacağıq
17.11.2011 - 00:05
Elmir Əliyev: Qışda həmin futbolçuları yola salacağıq
“Hələlik qış fasiləsi ilə bağlı planlarımız hazır deyil. Nə vaxt bir araya gələcəyimizi, harda toplanış keçəcəyimizi dəqiqləşdirməmişik. Ancaq heyətdə dəyişikliklər olacaq. Bu, qaçılmazdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in prezidenti Elmir Əliyev deyib.

Mövsümə uğurlu start verən, amma sonradan bunun davamını gətirə bilməyən “Kəpəz” turnir cədvəlində 10-cu pilləyə qədər yuvarlanıb. Təbii ki, bu uğursuzluqlar azarkeşlərin heç də üzünü güldürməyib. Bunun nəticəsi olaraq, onlar klub rəhbərliyini istefaya səsləyiblər.

Lakin rəhbərlik geriyə addım atmaq niyyətində deyil: “Yönətim istefa” sözlərini mən də eşitdim. Onların kimi nəzərə tutduqlarını özüm də anlamadım. Bu gəncəli azarkeşlərin fikri deyil. 3-4 nəfərə görə klubdan ayrılmaq, istefa vermək olmaz. Bilsəm ki, bütün Gəncə mənim komandadan ayrılmağımı istəyir, gedərəm”.

Əliyev son turlardakı uğursuzluq haqda da danışıb. Sən demə, yayda komandaya böyük ümidlərlə cəlb edilən bir neçə futbolçu var ki, onların çıxışı gözləniləndən aşağıdır. Məhz buna görə də həmin oyunçulara qarşı qış fasiləsində ciddi tədbir görüləcək: “Uğursuz oyunların səbəbini araşdırırıq. Ümid bəslədiyimiz futbolçular özlərini doğrultmadılar. Söhbət legionerlərdən gedir. Ona görə də qışda dəyişiklik olacaq. Həmin futbolçularla yollarımızı ayıracağıq”.

Hələlik ad çəkməyin erkən olduğunu deyən klub prezidenti məşqçilər korpusunda dəyişikliyin olmayacağını vurğulayıb: “Qarşıda oyunlarımız var, onları yola verək, fasilədə deyəcəyik. Məşqçilər korpusuna gəldikdə, hansısa dəyişiklik gözlənilmir”.
0