Maksim Medvedev: “İnter” xoşuma gəlir
17.11.2011 - 00:17
Maksim Medvedev: “İnter” xoşuma gəlir
“Komandanın son oyunlarda çox qol buraxması, heyətdəki itkilərlə bağlı idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Premyer Liqanın son 3 turunda qapısından 5 top buraxan “Qarabağ” cəmi bir qələbəyə sevinib. Etibarlı müdafiəsi ilə seçilən Ağdam təmsilçisi üçün spesifik olmayan bu durum futbolçuları da narahat etməyə bilməz.

Medvedev bunun səbəbini komandada itkilərin olması və həmin mövqedə çıxış edən digər futbolçular arasındakı anlaşılmazlıqla izah edib: “Heyətdə itkilər olduqca, onları digər oyunçular əvəzləməli olur. Məsələn, İlqar Qurbanov əsasən yarımmüdafiədə oynayır. Ancaq mən olmayanda, baş məşqçi onu arxaya çəkdi. Oyunun gedişində hiss olunurdu ki, müdafiədə müəyyən anlaşmazlıq yaranıb”.

Əksəriyyət, xüsusilə də son məğlubiyyətdə komandanın lideri və müdafiəçisi Rəşad Sadıqovun yoxluğunu qabartmaqla məsələyə aydınlıq gətirməyə çalışır. Bununla da digər oyunçuların əməyinə kölgə salınırdı. Bəs görəsən, futbolçular özləri nə düşünürlər?

Müdafiəçi Sadıqovu komanda üçün vacib futbolçu sayır: “Rəşadın yoxluğu komandaya mənfi təsir göstərir. O, oynaya-oynaya komandanı həm də meydanda idarə edir. Müdafiədə 2 legioner oynayır ki, hər ikisi ilə ingilis dilində danışmaq lazımdır. Mən və ya Rəşad olanda, onlara fikrimizi çatdırırıq, nə etməli olduqlarını deyirik. Müdafiəyə yeni futbolçu qoşulduqda onlar üçün də çətin olur”.

Sonda futbolçu “İnter”lə həftəsonu keçirəcəkləri oyunda mütləq qələbə qazanmalı olduqlarını deyib: “Sxadadzenin komandası yaxşı futbol oynayır. Onlara qarşı oynamaq çətin olacaq. Çalışacağıq ki, qələbə qazanaq, liderlər qrupundan çox geri qalmayaq. “İnter” xoşuma gəlir, yaxşı oynayır”.
0