“Hannover”in müdafiəçisi klublarımızdan dəvət gözləyir
16.11.2011 - 18:07
“Hannover”in müdafiəçisi klublarımızdan dəvət gözləyir
“Sentyabrda İngiltərə ilə keçirilən oyundan bir həftə əvvəl zədələndim. Nəticədə 13 həftə topa toxuna bilmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Ali Gökdemir deyib.

Almaniyada keçirilən təlim-məşq toplanışında, eləcə də ABŞ-ın U-20 və “Köln” komandaları ilə keçirilən oyunlarda iştirak edən müdafiəçi İslandiya ilə fevralda baş tutacaq matçda meydandakı yerini almaq istəyir. Elə Duysburqdakı toplanışa da bu məqsədlə qatılıb: “Lippert zəng vuraraq, sağalıb-sağalmadığımı xəbər aldı. Cavab verdim ki, 4 həftədir məşq edirəm. O da toplanışa qatılmağımı və komanda yoldaşlarıma alışmağımı istədi. Yəni bir-birimizi meydanda anlamaq üçün buna ehtiyac var”.

3 ildir “Hannover”in əvəzedici komandasının formasını geyinən futbolçu hazırda əsas heyətlə məşqlərə çıxmağa hazırlaşır. Bunu üçünsə əvəzedici komandada oyuna çıxmaq lazımdır: “Zədədən sonra hələ oyuna çıxmamışam. Çünki tam hazır deyiləm. Ancaq əsas komandanın məşqlərinə qatılacağım da artıq an məsələsidir. Belə ki, onlarla məşq edib, əvəzedicilərdə meydana çıxacam”.

Azərbaycan çempionatını izlədiyini də deyən futbolçu gələcəkdə təklif alacağı təqdirdə, ölkəmizə gələ biləcəyini deyib: “Sumqayıt Şəhər”, “Neftçi”, “Qarabağ” komandalarının oyunları haqda daim məlumat əldə edirəm. Düzdür, indi hər kəs Avropa klublarında oynamaq istəyir. Ancaq güclü klubların birindən təklif alacağım təqdirdə, niyə də “hə” deməyim? 2-3 il Azərbaycan klublarının birində oynaya bilərəm”.