Tale Heydərov Toni Adamsın istefasına münasibət bildirdi
16.11.2011 - 22:23
Tale Heydərov Toni Adamsın istefasına münasibət bildirdi
“Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşməyə gəlmişdim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar, “Qəbələ” klubunu tərk etmək məcburiyyətindəyəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi postundan istefa verən Toni Adams deyib.

18 ay öncə Qəbələ təmsilçisinin “sükanı arxası”na keçən əfsanəvi britaniyalı bildirib ki, çox gözəl rəhbərliyi və üzvləri olan kollektivdən ayrılmaq çətin olsa da, ailəsi hər zaman daha önəmlidir.

“Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov isə istefa ilə bağlı bunları bildirib: “Toni Adamsa qısa zaman kəsiyində gördüyü böyük işlərə görə təşəkkür edirəm. Məhz, Adamsın köməkliyi və böyük futbol təcrübəsi sayəsində “Qəbələ” Futbol Klubu irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcək”.

Qeyd edək ki, məlumatı klubun mətbuat xidməti yayıb.