UEFA Mahir Şükürovla bağlı araşdırma aparır
17.11.2011 - 18:52
UEFA Mahir Şükürovla bağlı araşdırma aparır
UEFA İstanbulda Türkiyə ilə oyundan sonra dopinq-testdən keçən Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovla bağlı araşdırma aparır. Bu haqda apasport.az saytına məlumat verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun sözlərinə görə, qitə futbol qurumundan bununla əlaqədar rəsmi məktub almayıblar: “Bildiyiniz kimi, milli komandamızın Avro-2012-in seçmə mərhələsində Türkiyə yığması ilə oktyabrın 11-də səfər oyunundan sonra 2 futbolçumuz - Ruslan Abışovla Mahir Şükürovdan dopinq-test götürülmüşdü. Ancaq Mahirlə bağlı bunun nəticəsinin müsbət çıxmağı haqda hələ qərar verilməyib. UEFA bununla bağlı araşdırma aparır və AFFA-ya bununla bağlı rəsmi məlumat göndərib. Belə məsələlərdə şübhə varsa, araşdırma davam etdirilir. Ancaq bu, hələ yekunlaşmayıb və hələ qəti qərar verilməyib. Yaxın vaxtda araşdırma bitəndən sonra rəsmi qərar çıxarılacaq və bununla əlaqədar açıqlama veriləcək”.

Qeyd edək ki, milli komandamızın tarixində bir futbolçu – milliləşdirilən rusiyalı müdafiəçi Sergey Sokolov vaxtilə dopinqdə “ilişib”. Belə ki, onun 2006-cı ilin oktyabrında Belçika yığması ilə səfərdə 0:3 hesabı ilə uduzduğu oyundan sonra verdiyi testdə qanında istifadəsi qadağan olunmuş maddə aşkar edilmişdi. Nəticədə Sokolov UEFA-nın 18 aylıq cəzasına məruz qaldı.