Mahir Şükürov dopinq yox, pivə qəbul edib
18.11.2011 - 00:12
Mahir Şükürov dopinq yox, pivə qəbul edib
“Türkiyə yığması ilə oyundan sonra aparılan dopinq-test nəticəsində orqanizmimdən istifadəsi qadağan olunmuş maddənin tapılacağına inanmıram. Çünki elə bir maddə qəbul etməmişəm”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Şükürov deyib.

Onun sözlərinə görə, oktyabrın 11-də İstanbulda təşkil olunmuş 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra püşk yolu ilə 4 futbolçu seçilərək, dopinq-testə cəlb olunub. Bunlar Türkiyə yığmasından qapıçı Sinan Bolat və Umut Bulut, Azərbaycan millisindən isə Ruslan Abışovla Mahir Şükürov olub. Şükürov bildirib ki, əslində komandamızdan ikinci futbolçu Ufuk Budak olmalı imiş: “Lakin o, oyun vaxtı zədələndiyi üçün məni çağırdılar”.

Təcrübəli müdafiəçi dopinq-testinin uzun çəkməsini ondan lazımi miqdarda sidiyin gəlməməsi ilə əlaqələndirib. Şükürov bildirib ki, bundan ötrü su, pivə qəbul edib və sidiyin yığılması üçün bir müddət gözləməli olub.

Qeyd edək ki, hazırda UEFA Mahir Şükürovla bağlı araşdırma apardığı barədə AFFA-ya məktub göndərib.