Dik Advokat Berti Foqtsla görüşə yollanır
21.11.2011 - 10:47
Dik Advokat Berti Foqtsla görüşə yollanır
Rusiya milli komandasının baş məşqçisi Dik Advokat DÇ-2014-ün seçmə mərhələsində bir qrupda yer aldığı Azərbaycan yığmasını çalışdıran almaniyalı həmkarı Berti Foqtsla görüşə yollanır. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis milli komandamızın yer aldığı F qrupunun təqviminin müzakirəsində Rusiyanı təmsil edəcək. Advokat bu məqsədlə iştirakçıların görüşəcəyi Lüksemburqa yollanacaq və Foqts AFFA-nın baş katibi Elxan Məmmədovla bu həftə ora səfər edəcək.

Təqvimin müzakirəsinin 2 gün olacağı gözlənilir. Belə ki, ölkələrin nümayəndələri noyabrın 24-də bir araya gələcəklər və əgər təqvim 1 günə müəyyənləşməzsə, müzakirələr ertəsi - cümə günü davam etdiriləcək. Əgər tərəflər ümumiyyətlə, hamını qane edən heç bir variantı seçə bilməsələr, təqvimi FİFA müəyyənləşdirəcək.

Qeyd edək ki, qrupumuzda Rusiya, Azərbaycan, Lüksemburqla yanaşı, Portuqaliya, Şimali İrlandiya və İsrail yığmaları yer alıb.
0