Faydalı istefalar
21.11.2011 - 12:34
Faydalı istefalar
Premyer Liqanın cari mövsümündə baş məşqçi istefaları düşərli olub. Apasport.az saytının məlumatına görə, komandalar hər 3 istefadan sonra uğursuzluq sindromuna son qoyaraq, qələbə qazanırlar. Bunlar əvvəl “Rəvan”, sonra AZAL və indi “Qəbələ”nin timsalında reallaşıb.

VI tur çərçivəsində - sentyabrın 18-də “Sumqayıt Şəhər”lə ev oyununda qolsuz bərabərlikdən sonra “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov istefa verdi. Bundan sonra komanda Vladislav Qədirova tapşırıldı və növbəti turda baş məşqçi dəyişikliyinin bəhrəsini gördü. Belə ki, debütant Tovuzda “Turan”la oyunda 1:0 hesabı ilə qalib gəldi və bu, Premyer Liqada ilk qələbəsi oldu.

Həmin vaxtdan uğurla çıxış edən paytaxt təmsilçisi turnir cədvəlində autsayderlər qrupundan hətta 7-ci pilləyə kimi yüksəlmişdi. “Rəvan” Qədirovla keçirdiyi 7 oyunda (3 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət) 12 xal toplayıb ki, buna qədər hesabında cəmi 3 xal vardı. “Rəvan”da idman-direktoru postunu tutan 41 yaşlı çalışdırıcı ötən mövsüm I divizionda çıxış etdikləri zamanı baş məşqçi işləmiş və 2-ci yeri tutaraq, güclülər dəstəsinə vəsiqə qazanmışdı.

AZAL XI turda – oktyabrın 30-da “Sumqayıt Şəhər”lə səfərdəki məğlubiyyətdən (1:2) sonra baş məşqçisi Elxan Abdullayev istefa verdi. Komanda onun köməkçilərindən olan Rafiq Mirzəyevə həvalə edildi və bu, dərhal müsbət nəticə verdi. “Təyyarəçilər” evdə keçirdiyi ardıcıl 2 oyunda inamlı qələbə qazandı. Bu, əvvəl “Qəbələ”ni 3:0, ardından “Kəpəz”i 2:0 hesabı ilə yendikləri matçdır. Göründüyü kimi, Mirzəyevin komandası bu oyunlarda heç qol da buraxmayıb. Təsəvvür edin ki, AZAL Abdullayevin istefa verdiyi vaxtda 11-ci pilləyə düşmüşdü və 2 qələbə ilə 7-ci yerə kimi qalxdı.

Nəhayət, Adamsın gözlənilməz istefası “Neftçi” ilə oyun öncəsi baş verdi. Təbii ki, matça 3 gün qalmış kənardan yeni baş məşqçi gətirmək real deyildi və klub rəhbərliyi bu vəziyyətdən ən düzgün çıxış yolu kimi Fatih Kavlakın təyinatını reallaşdırdı. Adams ötən ilin yayında “Qəbələ”yə baş məşqçi gələn zamanı onun köməkçisi təyin edilən türkiyəli çalışdırıcı bunadək “Qarabağ”da məşqçi köməkçisi işləyirdi. “Qəbələ”ni yaxşı tanıyan Kavlak “Neftçi” ilə oyunda vacib 3 xal qazandı. Bununla da komanda 3 oyunluq qələbəsizlik seriyasına son qoydu. “Qəbələ” sonuncu qələbəsini IX turda oktyabrın 16-da “Kəpəz”lə ev oyununda (2:0) qazanmışdı.

Göründüyü kimi, Premyer Liqa klubları cari mövsümdə hələlik baş məşqçi dəyişiklərinin bəhrəsini görürlər. Özü də kənardan yox, komandanın içində olan çalışdırıcıya baş məşqçi vəzifəsinin icrasının tapşırılmağının düzgün yol olduğu təsdiqlənir. Belə olan halda, həmin mütəxəssislər sonda baş məşqçi kimi təsdiqlənərək, kənardan çalışdırıcı gətirməyə də ehtiyac olmur.

Mehman SÜLEYMANOV
0