“O, elə hakimlik etdi ki, öncə hər şey qaynadı, sonda isə daşdı”
21.11.2011 - 18:10
“O, elə hakimlik etdi ki, öncə hər şey qaynadı, sonda isə daşdı”
“Qəbələ” klubunun və Azərbaycan yığmasının futbolçusu Aleksandr Çertoqanovun apasport.az saytına müsahibəsi

- “Neftçi” ilə oyunda vacib 3 xal qazanmaqla, uzun müddətdir davam edən qələbə həsrətinə son qoydunuz. Buna nəyin hesabına nail oldunuz?
- Görüşə çox ciddi hazırlaşmışdıq. Elə bir uçuruma düşmüşdük ki, oradan yavaş-yavaş çıxmalı idik. “Neftçi” çox güclüdür, hərtərəfli təhlil etmişdik. Baş məşqçimiz bizə necə oynamağı izah etmişdi. Qarşılaşma bizim üçün yaxşı alındı, futbolçularımızın hamısı çalışırdı. Meydanda göstərdiyimiz əzmkarlıq yüksək səviyyədə idi.

- “Neftçi” ilə matça 3 gün qalmış baş məşqçiniz Toni Adamsın istefa xəbərini eşitdiniz. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu? İngilis mütəxəssisin postundan getməyini necə qarşıladınız?
- Aydın məsələdir ki, üzücü xəbər idi. Çünki hamımız Adamsa öyrəşmişdik. Ancaq klub rəhbərliyini də başa düşmək olar. Onlar uğursuz nəticələrə dözə bilmədilər və baş məşqçini dəyişməyi üstün tutdular, komandanın “oyanmasına” çalışdılar. Əgər heç nə alınmırsa, nəsə dəyişmək lazımdır.

- Amma Adams özü komandadan getmək istədiyini açıqlayıb...
- Bəli. Onun hansısa ailə problemləri var. Mən bunu dəqiq bilmirəm.

- Hazırda komandanızda baş məşqçi postu tapşırılan türkiyəli Fatih Kavlak da sizə yaxşı tanışdır. Kavlakı məşqçi kimi necə xarakterizə edərdiniz?
- Çox düzgün insandır, işgüzardır. Məşqləri çox savadlı keçir, işə peşəkarcasına yanaşır. İnsan kimi də yaxşıdır, bütün futbolçuları tanıyır. Həm türkcə, azərbaycanca, həm də ingilis dilində danışır. Bütün futbolçularla yaxşı münasibətdədir və ondan razıyıq.

- Bəs siz onunla hansı dildə danışırsınız?
- İngilis dilində. Nəsə başa düşməyəndə, tərcüməçi kömək edir.

- Siz ingiliscə də bilirsiniz?
- Yaxşı bilmirəm. Ancaq baş məşqçinin tələb etdiyini başa düşə və ona öz fikirlərimi deyə bilirəm. Bir də ki, futbol anlayışları başadüşüləndir.

- Artıq 7 ildir Azərbaycanda yaşayırsınız, milli komandamızda forma geyinirsiniz. Türk dili bizə çox yaxındır. Kavlak türkcə danışanda, onu başa düşmürsünüz?
- Bilirsiniz, kimsə sürətlə yox, asta danışanda müəyyən sözləri, ifadələri başa düşürəm. Ancaq məsələ ondadır ki, Azərbaycanda ünsiyyət qurduğum insanların çoxu rusca danışır. Rus dilini bilməsəydilər, çoxdan azərbaycanca danışmağı öyrənərdim. Ancaq hər halda, hamısı da olmasa, çox şeyləri başa düşürəm.

- Kimsə sizinlə danışsa və ya müsahibə götürsə, fikrinizi ona çatdıra bilərsiniz?
- Başa düşməyinə düşürəm, ancaq sərbəst danışa bilmərəm.

- Yaydan şərəfini qoruduğunuz “Qəbələ”də ilk qolunuzu vurdunuz. Çoxdandır fərqlənmirdiniz. Maraqlıdır, sonuncu qolu xatırlayırsınız?
- Bəli. Ötən mövsüm “İnter”də oynadığım vaxt “Qarabağ”a qol vurmuşdum.

- “Şəfa” stadionda keçirilən həmin oyun da 1:0 hesabı ilə nəticələnmişdi və onda da qələbə topunun müəllifi siz olmuşdunuz...
- Belə çıxır ki, mən qol vuranda, uduzmuruq, əksinə qalib gəlirik (gülür).

- Əvəzində vurduğunuz qol həlledici olur...
- Elədir. Özü də yaxşı komandalara qol vururam.

- Üstəlik, “Neftçi” sizə tanış komandadır. Azərbaycandakı karyeranızın böyük hissəsini bu komandanın heyətində keçirmisiniz. Yəqin ki, “Neftçi”yə qol vurmaq sizə ikiqat xoş oldu...
- Mənim üçün keçmiş komanda anlayışı yoxdur. Sadəcə, həmişə qol vurmaq xoşdur. Komanda qalib gələndə, zəhmətimiz hədər getmir.

- Növbəti turda daha bir çətin sınağınız var – səfərdə “Bakı” ilə. Bundan sonra evdə ardıcıl 3 oyununuz olduğundan, işiniz nisbətən asan olacaq...
- Bizim üçün asan oyun yoxdur. Oyunlar göstərir ki, evdə “Rəvan”a, “Simurq”a uduzmuşuq. Hərçənd, bunlar elə də güclü rəqiblər deyil. Görünür, oyuna bir az düzgün yanaşmadıq. İndi asan oyunlar yoxdur. Bir az “boşalsan”, bunun cəzasını çəkə bilərsən. İndi 6-cı yerdəyik, hamı bir-birinə yaxındır. Ona görə də hər matçda qələbəni qoparmalıyıq.

- Deməli, son çempion üzərində qələbə sizə ilk növbədə psixoloji baxımdan kömək oldu...
- Əlbəttə, bu qələbə əhval-ruhiyyəmizi qaldırdı.

- “Qəbələ”nin son oyunlarında start heyətindən kənarda qalmışdınız. Ancaq bu dəfə ilk dəqiqələrdən meydana oldunuz. Adamsın dövründə nəsə probleminiz vardı?
- Yox. Sadəcə, baş məşqçi belə qərar verdi. Çalışırdım, məşq edirdim, sonradan meydana çıxırdım. Nə bacarırdımsa, edirdim. Adams isə sonradan meydana çıxmağımı daha məqsədəuyğun sayırdı.

- “Neftçi” ilə matçın son saniyələrində qapınıza təyin edilən penalti epizodu böyük müzakirələrə səbəb oldu. Özü də həmin epizodda birbaşa siz də iştirak edirsiniz. Baş hakim Ramil Diniyevin həmin qərarını necə şərh edərdiniz?
- Baş hakim səhv qərar verdi. Mən düşünmürəm ki, belə oyunun son saniyələrində penalti təyin etmək düzgün idi. Üstəlik, belə gərgin matç bitən ərəfədə şübhəli penalti verir.... Əlbəttə, belə qərarlar futbola pis təsir edir.

- Həmin epizodda cərimə meydanda yerə yıxılan “Neftçi”nin braziliyalı futbolçusu Denis Silvanın simulyasiya etdiyini düşünürsünüz?
- Bəli.

- Artıq cari mövsümdə şəxsən sizin başınıza ikinci dəfədir belə hal gəlir. “Qarabağ”la Ağdamda 1:0 hesabı ilə qalib gəldiyiniz matçın uzatma dəqiqələrində oxşar epizod olmuşdu...
- Mən bu “tələyə düşürəm”, komanda yoldaşım Pavel məni xilas edir (gülür).

- Onda da qapıçınız Pavel Doroşev penalti zərbəsini dəf etməklə, komandanıza qələbə qazandırmışdı...
- Pavel təkcə məni yox, bütün komandanı xilas etdi. Ona görə də həm ona, həm də futbolçulara minnətdarlıq edirəm ki, sonluq bizim üçün belə yaxşı alınır.

- Belə çıxır ki, bu dəfə qapınıza penalti veriləndə, Doroşevin sizi xilas edəcəyinə yenə əmin idiniz?
- Əksinə, əmin deyildim.

- Niyə?
- Fikirləşirdim ki, Pavel nə qədər çalışsa da, Fərid Quliyev penaltini dəqiq yerinə yetirəcək. Ancaq elə oldu ki, Doroşev 2-ci dəfə məni xilas etdi.

- Oyundan sonra latviyalı qapıçıya təşəkkür etdiniz?
- Əlbəttə. Pavellə bir otaqda qalıram və həmişə bir-birimizlə söhbətləşirik. Bir-birimizə də təşəkkür etdik.

- O, niyə?
- Mən qol vurdum, o da penaltini qaytardı. Komandaya qələbəni qazandırdığıma görə mənə minnətdarlıq etdi. Yəni, hər ikimiz komandaya kömək etdik. Bütün komanda yoldaşlarımız qələbə üçün çalışdılar. Ona görə də hamımız bir-birimizə bu oyuna, qələbəyə görə “sağ ol” dedik. Bütün futbolçularımız dedilər ki, hər oyunu dünənki kimi oynamaq lazımdır.

- Doroşev yenə sizi xilas etməyə hazırdır?
- Bu, bizim işimizdir. Axı biz komanda idman növündə oynayırıq. Bu, fərdi idman növü deyil ki, hərə yalnız özü üçün çalışsın. Kimsə səhv edəndə, digəri onu düzəltməli, kömək, xilas etməlidir. Hərə özü çalışsa, heç nə alınmayacaq. Komanda oyunu oynayanda, nəticə olur.

- Cari mövsümdə hakimlikdən çox əziyyət çəkirsiniz?
- Bizim klub rəhbərliyi özlərini çox sanballı aparırlar. Onlar heç vaxt hakimlik haqda danışmırlar. Sadəcə, bu dəfə elə hakimlik oldu ki, azarkeşlər oyundan sonra meydana qaçdılar. O, bütün oyunboyu elə hakimlik etdi ki, öncə hər şey qaynadı, sonda isə aşıb-daşdı.

Mehman SÜLEYMANOV
0