Vüqar Nadirov: Həmişə qələbə qazansaq, maraqlı olmaz
21.11.2011 - 20:05
Vüqar Nadirov: Həmişə qələbə qazansaq, maraqlı olmaz
“İnter”lə oyuna həvəslə çıxmışdıq. 1-2 epizod oldu ki, şans üzümüzə gülmədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirov deyib.

Son turda “İnter”lə qolsuz heç-heçə edən “Qarabağ” əsas rəqiblərinin xal itirdiyi həftədən maksimum yararlana bilmədi. Əvəzində qolsuz heç-heçə “İnter”in üzünü güldürdü.

Paytaxt təmsilçisi ikinci pilləyə yüksəlməyi bacardı. Qarşısına çempion olmaq məqsədi qoyan Ağdam təmsilçisi üçün bu gedişat heç də ürəkaçan deyil. Çünki zirvəyə yüksəlmək üçün əsas rəqiblərin xal itkilərindən maksimum yararlanmaq gərəkdi. Nadirov buna görə indidən üzülməyə ehtiyacın olmadığını deyib: “Oyunlar qabaqdadır. Kimsə indidən hansı komandanın çempion olacağını deyə bilməz. Hamı xal itirir”.

Yarımmüdafiəçi cari mövsümdə əvvəlcədən heç bir oyunun nəticəsini müəyyənləşdirməyin mümkün olmadığını, əksər komandaların qeyri-sabit çıxış etdiyini vurğulayıb: “Heç bir klub sabit çıxış etmir. Bütün oyunlarda qələbə qazansaq, maraqlı olmaz. Biz oyunlara tam gücümüzlə çıxırıq. Sabit oynaya bilməməyimizdə hardasa yorğunluğun da təsiri ola bilər. Bununla belə, məqsədimizə çatmaq üçün sona qədər mübarizə aparacağıq”.
0