“Niyə uduzuruq? Mən də bilmirəm”
21.11.2011 - 21:42
“Niyə uduzuruq? Mən də bilmirəm”
“Son oyunlarda niyə uduzuruq? Bunu mən də bilmirəm”. Bu sözləri apasport.az saytına “Kəpəz” klubunun kapitanı Azər Məmmədov deyib.

Mövsümə uğurlu start verən və ardıcıl “Bakı”, AZAL kimi iddialı komandaları məğlub edən “Kəpəz” indi heç də yaxşı günlərini yaşamır. Belə ki, Gəncə təmsilçisi 8 turdur qələbə üzünə həsrətdir.

Əyalət klubu sonuncu dəfə AZALı Gəncədə məğlub edib. Ondan sonra keçirdiyi oyunların üçündə heç-heçə edən Mehman Allahverdiyevin yetirmələri 5 matçda meydanı xalsız tərk edib. Sonuncu turda AZAL-ın qonağı olan “Kəpəz” rəqibinə müqavimət göstərə bilməyib. Düzdür, vurulan qollarda qapıçının səhvləri həlledici rol oynadı. Ancaq bu yenilgiyə bəraət vermir: “Problem hardadır, bilmirik. Komanda şəklində də söhbət edirik, məsləhətləşirik. Cavab yoxdur”.

Qarşısına ilk “altılığ”a düşmək məqsədi qoyan “Kəpəz” turdan tura istəyini dəfn etməyə hazırlaşır: “Şansımız getdikcə azalır. Ancaq qarşıda oyunlar var. Dönüş yarada bilərik. Şansımız tam ölməyib. Biz də son ana qədər dönüş yaratmaq haqda düşünürk”.