“Əhmədə etibar edirəm, o, mənə həyat yoldaşı tapar”
22.11.2011 - 00:07
“Əhmədə etibar edirəm, o, mənə həyat yoldaşı tapar”
“Hələlik evlənmək haqda düşünmürəm. Çünki hazırda ailə qurmaq üçün bəyəndiyim qız yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Aleksandr Çertoqanov deyib.

Cari mövsümdən “Qəbələ”də oynayan yarımmüdafiəçinin artıq 31 yaşı olsa da, subaylığın daşını atmayıb. 2004-cü ilin yayından ölkəmizdə fasiləsiz çıxış edən Çertoqanov tarixi vətəni Ukraynadan daha çox Azərbaycana bağlıdır, burada daha çox tanınır. Hər halda, Saşa yalnız ildə 1-2, fasilə müddətində vətəninə, ailəsinə baş çəkir: “Yaxşı qız olsa, böyük məmnuniyyətlə, evlənərəm. Azərbaycanda rastıma belə bir qız çıxsa, buna yalnız sevinərəm. Baxmıram ki, bu, azərbaycanlı, gürcü, yaxud rusdur. Əsas odur ki, insan yaxşı olsun”.

Doğrudanmı, Aleksandr bu 7 ildə Azərbaycanda öz yarını tapa bilməyib, qarşısına xoşuna gəldiyi qız çıxmayıb?: “Azərbaycana gələndən, idmançı həyatı sürürəm. Həmişə səfərlərdəyəm, ora-bura gedirəm. Bu üzdən ciddi münasibət qura bilmirəm. Deyə bilmərəm ki, vaxtım yoxdur, buna görə də ünsiyyət qurmuram. Misal üçün, mən bir-iki gün görüşdüyüm qızla evlənə bilmərəm ki... Gərək münasibətlər qurulsun, bir-birinə yaxından tanıyasan ki, buna da müəyyən vaxt lazımdır. Mən isə bütün günü yoldayam, Qəbələyə gedirəm, yığma ilə xaricə yollanıram. Ona görə də vaxt yoxdur. Dostum Əhmədə deyəcəyəm, o, bu işlə məşğul olacaq. Mən Əhmədə etibar edirəm, o, mənə həyat yoldaşı tapar (gülür)”.

Biz azərbaycanlılar evlənən zamanı valideynlərin sözünə qulaq asmaq, onların dedikləri, qohumla, yerli ilə ailə həyatı qurmağa ciddi fikir verirlər. Maraqlıdır, ukraynalılarda bu baxımdan vəziyyət necədir?: “Bizə belə qəbul olunmayıb. Ancaq əlbəttə, valideynlərinin sözünə qulaq asırsan. Bir qızla tanış olanda, onu atan-ananın yanına gətirirsən, tanış edirsən. Valideynlərin də sənə nəsə məsləhət verə bilər. Soruşa bilər ki, bu qız xoşuna gələr, ya yox? Həm valideynlərin, həm də dostların sənin pisliyini istəməz. Sənə ən yaxın insanlar sənə ancaq xoş şeylər arzulaya bilər. Ona görə də sənə doğma insanlara qulaq asmaq lazımdır. Bütün dost-tanışlarım deyir ki, Azərbaycanda evlən, elə burda qal, heç yerə getmə (gülür)”.

Qeyd edək ki, sələn Ukraynanın Dnepropetrovsk şəhərindən olan Çertoqanov ölkəmizdə “Qəbələ”yə qədər “Bakı”, “Neftçi”, “Simurq” və “İnter”də oynayıb.

Mehman SÜLEYMANOV