Milli komandamızın rəqibi yeni baş məşqçini müəyyənləşdirib
22.11.2011 - 10:31
Milli komandamızın rəqibi yeni baş məşqçini müəyyənləşdirib
Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsində rəqiblərindən olan İsrail millisi yeni baş məşqçisini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, tanınmış fransalı mütəxəssis Luis Fernandeslə müqaviləsini uzatmayan İsrail Futbol Federasiyası (İFF) yığmanı yenidən yerli çalışdırıcıya etibar edəcək. Bu, Eli Təl-Əvivin “Hapoel” klubunun baş məşqçisi Qutman olacaq. İFF-in prezidenti Avi Luzon seçimini müəyyənləşdirib və 53 yaşlı mütəxəssisi gələn ilin yanvarında təyinatını reallaşdıracaq. Artıq Luzon Qutmanın təkidi ilə təqvimlə bağlı bir sıra məqamları diqtə edərək, istəyinə çatmağa çalışır.

Qeyd edək ki, Qutman ölkəsində tanınmış futbolçulardan olmayıb, heç yığmada oynamayıb. Futbolçu karyerasını 27 yaşında bitirən keçmiş oyunçu tanınmamış klublarda forma geyib. 1985-ci ildə başlayan məşqçilik karyerasında çoxsaylı klubları çalışdıran Qutman hətta Kipr AEK-nin “sükanı arxası”nda olub. 2007-ci ildən “Hapoel”ə rəhbərlik edən çalışdırıcı 2 dəfə İsrail çempionluğunu, 3 dəfə kuboku qazanıb. Təl-Əviv klubu ilə ötən il “qızıl dubl” edən, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olan Qutman bu il yalnız ölkə kubokuna yiyələnib.