Nəhənglərlə bir arada
22.11.2011 - 12:07
Nəhənglərlə bir arada
19 yaşadək futbolçular arasında Avropa çempionatının 2012/13 mövsümünün püşkatmasının tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir noyabrın 29-da keçiriləcək.

Litvadakı final mərhələsinə vəsiqəyə iddialı 51 komanda Bakı vaxtı ilə saat 12:45-də başlayacaq tədbirdən sonra rəqiblərini tanıyacaq. I seçmə mərhələdə hərəsində 4 komanda olmaqla, 12 qrupda mübarizə aparacaq yığmalar artıq 2 səbətə bölünüb. A səbətində Almaniya, İngiltərə, Fransa və Hollandiya kimi nəhənglərlə yanaşı duran Azərbaycan I seçmə mərhələdə bu səbətdən yalnız 1 komanda ilə qarşılaşa bilər.

A səbəti: İngiltərə, Fransa, Belçika, Portuqaliya, Hollandiya, İrlandiya, Almaniya, Ukrayna, Yunanıstan, Çexiya, Norveç, Rusiya, İtaliya, Xorvatiya, İsveçrə, Şotlandiya, Slovakiya, Avstriya, Macarıstan, Danimarka, Polşa, Uels, Azərbaycan, Finlandiya.

B səbəti: Şimali İrlandiya, Sloveniya, Belarus, Rumıniya, Latviya, Bosniya və Herseqovina, Estoniya, İsrail, İslandiya, Monteneqro, Moldova, Makedoniya, Gürcüstan, İsveç, Bolqarıstan, Albaniya, Qazaxıstan, Kipr, Ermənistan, Farer adaları, Malta, Lüksemburq, San-Marino, Andorra.

Qeyd edək ki, 12 qrupun hərəsində ilk 2 yeri tutanlar, həmçinin 3-cü yeri tutanlar arasında ən yaxşı nəticənin sahibi II seçmə mərhələyə yüksələcək. Burada qitənin ən reytinqli 3 komandası – İspaniya, Serbiya və Türkiyə də 25 komandaya qoşulub 7 qrupda mübarizə aparacaq.
0