Fatih Kavlak: Hansı mövqeyə futbolçu axtardığımızı açıqlamayacağam
22.11.2011 - 16:05
Fatih Kavlak: Hansı mövqeyə futbolçu axtardığımızı açıqlamayacağam
“Son turlar komanda stabil oyun nümayiş etdirə bilmirdi. Buna görə də futbolçular üzərində psixoloji gərginlik var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.
Toni Adamsın istefasından sonra komandanın “sükanı”nın tapşırıldığı türkiyəli mütəxəssis ilk sınaqdan üzüağ çıxdı. Belə ki, qəbələlilər son çempion “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdi.

Kavlakın fikrincə, bu qələbə ilə komandada psixoloji gərginlik aradan qalxdı: “Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Oyunun gedişində əldə etdiyimiz üstünlüyü sona qədər qoruya bildik və qalib gəldik. Həmin oyunda nəinki meydanda olan futbolçulardan, bütün komandadan çox razı qaldım. Çempionatda çıxış edən digər 10 komandadan soruşsaydılar ki, bu tur hansı komanda ilə oynamaq istəməzsiniz, onlar “Neftçi” və “Qəbələ” cavabını verərdilər. Çünki “Neftçi” ondan əvvəlki turda lider “Xəzər Lənkəran” üzərində inamlı qələbə qazanmışdı və lənkəranlılar “Rəvan” ilə heç-heçə etdikdən sonra “Neftçi” tam gücü ilə oynayıb zirvəyə yüksəlməyə çalışacaqdı. “Qəbələ”də isə məşqçi dəyişikliyi olmuşdu, komanda üzərindəki psixoloji gərginliyi atmaq üçün qalib gəlmək istəyirdi”.

Adamsın sabiq köməkçisi “Neftçi” ilə matçda əvvəllər mütəmadi şəkildə əsas heyətdə yer alan 4 futbolçunun oynamadığını bildirib: “Mən uzun müddətdir ki, “Qəbələ”də çalışıram. Ona görə də komanda ilə yaxından tanışam. Futbolçulardan kim formada olsa, meydana çıxa biləcək. Klubumuzun baş meneceri Zaur Əzizov ilə tez-tez söhbət edirik. Təbii ki, biz də yeni transferlər haqqında düşünürük. Ancaq hansı mövqeyə oyunçu axtardığımızı açıqlamayacağam. Çünki bunu düzgün hesab etmirəm. Ola bilər ki, istədiyimiz oyunçunu tapa bilmərik və heç bir yeni transfer olmaz”.

“Qəbələ”nin yeni baş məşqçisi növbəti turda “Bakı” ilə səfər matçı haqda da fikirlərini açıqlayıb: “Səfərdə ”Bakı” ilə oyun çətin olacaq. Bu oyuna da yaxşı hazırlaşmalıyıq. Çalışacağıq ki, “Neftçi” üzərində əldə etdiyimiz qələbədən sonra uğurların ardını da gətirək. Bir tur qalib gəlib, 2-3 tur məğlub olmaq həm “Qəbələ”nin heyətindəki futbolçuların gücünə, həm də hədəflərimizə uyğun deyil. 1-2 tur əvvəl “Bakı” ilə qarşılaşsaydıq, onlar bəlkə də bizə yuxarıdan baxa bilərdilər. Ancaq indi deyəcəklər ki, “Neftçi”ni məğlub ediblər, ona görə də daha yaxşı hazırlaşmalıyıq. Bu oyunun hər iki komandanın tam gücünü ortaya qoyacağı gərgin bir qarşılaşma olacağını düşünürəm”.

Mənbə: pfl.az
0