“Heç kim deyə bilməz ki, Rəşad oynasaydı, “Qarabağ” uduzmazdı”
29.11.2011 - 20:56
“Heç kim deyə bilməz ki, Rəşad oynasaydı, “Qarabağ” uduzmazdı”
“Sumqayıt Şəhər”lə çempionatda keçirdiyimiz 2 oyunda cəmi 1 xal qazanmışıq. Halbuki, 6 xal haqda düşünürdük”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sumqayıt Şəhər”lə qarşılaşacaq “Qarabağ” uğursuzluğa son qoymaq istəyir. Ağdam təmsilçisi çempionatda məğlub edə bilmədiyi Sumqayıt klubunu bu dəfə yenərək, kubokdan kənarlaşdırmaq niyyətindədir.

Görüşə ciddi hazırlaşdıqlarını deyən müdafiəçi əvvəlki səhvləri təkrarlamayacaqlarını vurğulayıb: “Fikirləşirdik ki, “Sumqayıt Şəhər” autsayderdir, məğlub edəcəyik. Ancaq indi dərk edirik ki, bu cür yanaşma olmaz. Onlar gənc futbolçulardan qurulub, qaçır, mübarizə aparırlar. Əvvəlki səhvlərdən nəticə çıxarmalıyıq. Quzanlıda oynadığımız üçün başqa yolumuz yoxdur. “Neftçi”yə məğlubiyyət azarkeşlərimizə mənfi təsir göstərib”.

“Qarabağ” son 3 ev oyununda xal qazana bilməyib. “Qəbələ” və “Sumqayıt Şəhər” məğlubiyyətinin ardından “Neftçi”nin də 3 xal qazanmasına mane ola bilməyən əyalət təmsilçisi azarkeşlərini qəzəbləndirib: “Öz meydanında heç vaxt uduzmayan “Qarabağ” son 3 oyunda xal üzünə həsrətdir. Əlbəttə, bu azarkeşlərə mənfi təsir göstərir. Artıq onlar başqa şeylər haqda düşünürlər. Beyinlərinə xoş olmayan fikirlər gəlir. Toparlanmalı, qələbə qazanmalı və onların etimadını yenidən qazanmalıyıq”.

Son vaxtlar Rəşad Sadıqovun meydana çıxmamasının “Qarabağ”ın uğursuzluğunda başlıca rol oynadığını düşünənlərin sayı çoxdu. Məsələyə münasibət bildirən futbolçu komandanın bir nəfərdən ibarət olmadığını deyib: “Komanda bir futbolçudan ibarət deyil. Heç kim deyə bilməz ki, Rəşad oynasaydı, “Qarabağ” uduzmayacaqdı. Təbii ki, onun meydanda olmağı bizim üçün üstünlükdür. Rəşada tez sağalıb, komandaya qoşulmasını arzulayıram”.
0