Mais Mənsimovla görüşə 82 yaşlı azarkeş də gəldi
21.12.2011 - 00:01
Mais Mənsimovla görüşə 82 yaşlı azarkeş də gəldi
Dünən axşam saatlarında “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovla komandanın ziyalı azarkeşləri arasında görüş keçirilib. Apasport.az saytının xəbərinə görə, Lənkəran şəhər stadionunda baş tutan görüşün iştirakçıları arasında müxtəlif rəhbər vəzifələrdə çalışan şəxslər, fəal şəhər sakinləri, ağsaqqallar yer almışdı. Ən yaşlı görüş iştirakçısının 82 yaşının olmasını da qeyd edək.

Müzakirələrlə zəngin keçən görüş zamanı kifayət qədər çoxlu məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Azarkeşlər onları narahat edən məsələləri klub prezidentinin diqqətinə çatdırdılar, qaranlıq qalan məqamlarla bağlı suallarını səsləndirdilər. Mənsimov öz növbəsində ziyalıları diqqətlə dinləyərək onları maraqlandıran sualları ətraflı cavablandırdı.

Müzakirə mövzularının əhatə dairəsi çox geniş alındı. Azarkeşlər komanda daxilində olan hazırkı vəziyyətlə bağlı çoxlu suallar verdilər. Onlar istər yaxın gələcəkdə, istərsə də ümumi planda komandanın perspektivləri ilə maraqlandılar. Belə ki, dialoq zamanı məşqçilər korpusunun işi, qış “transfer pəncərəsi”ndə klubun transfer siyasəti, yerli futbolçulara diqqət, klubun yetirmələrinin əsas komandaya cəlb olunması kimi müxtəlif məsələlərə toxunuldu. Həmçinin oyunların canlı yayımı, hakimlik və s. məsələlər barədə də suallar verildi, və klub rəhbərliyinin mövqeyi ziyalılara çatdırıldı.

Daha bir vacib müzakirə obyekti azarkeş-klub münasibətləri idi. Öncə ziyalılar stadionun iki oyunluq diskvalifikasiyasının həddindən artıq ağır cəza olduğu fikrində klubla razılıqlarını bildirdilər. Bundan əlavə ev oyunlarında meydana yad əşyaların atılması faktı bütünlüklə pisləndi, və bir sıra azarkeş bu cür halların aradan qaldırılması üçün təkliflərini irəli sürdü. Əsas təkliflərdən biri stadionun mərkəzi sektorlarında azarkeşlərin yerləşməsinə nəzarətin artırılması oldu. Təxribatçıların qarşısının alınmasında hər bir kəsin kluba dəstək verməsinin vacib olduğu bildirildi.

Klubun azarkeşlərlə birliyinin bundan sonra daha da sıx olacağı rəhbərlik tərəfindən ziyalıların nəzərinə çatdırıldı. Bu istiqamətdə artıq konkret addım da atılıb. Belə ki, “Xəzər Lənkəran”ın fəal ziyalı azarkeşlərindən olan Qurbanəli Məmmədov klubun azarkeşlərlə əlaqələndirici şəxsi təyin edildi. Mənsimov bir daha klubun və azarkeşlərinin bir olmasının vacibliyini görüşdə iştirak edənlərin diqqətinə çatdırdı. O qeyd etdi ki, klub və azarkeşlər öz güclərini birləşdirib ümumi məqsədlərə yönəltməlidirlər.

Klubun rəsmi saytında yer alan xəbərə görə, görüşə gələn ziyalılar klubun bu təşəbbüsündən çox razı qaldıqlarını bildirdilər. Azarkeşlər “Xəzər Lənkəran”da idarəetmənin qurulmasının digər klublardan bir neçə dəfə üstün olduğunu söyləməklə, rəhbərliyinə hər zaman bacardıqları dəstəyi verməyə hazır olduqlarını qeyd etdilər.

Görüşdə iştirak etmiş ziyalıların fikirlərini diqqətinizə çatdırırıq.

Afər Kərimov, “Unibank”ın Lənkəran filialının direktoru.

“İlk növbədə onu demək istərdim ki, görüş çox səmimi şəraitdə keçdi. Etiraf edirəm ki, müzakirələrin bu cür atmosferdə keçəcəyini gözləmirdim. O ki qaldı görüşün gedişatına, biz burada mövcüd olan bütün problemlərə, bizə qaranlıq qalan məsələlərə toxunduq. Bizə məlum olmayan bir çox məsələlərə tam aydınlıq gətirilidi. Rəhbərlik bizi klubun hazırkı strategiyası ilə ətraflı tanış etdi. Birbaşa klub prezidentinin komandanın transfer siyasəti, məşqçilər, legionerlər barədə mövqeyini öyrənmək bizə xoş oldu. Həmçinin azarkeşlərlə işinin bundan sonra daha da yüksək səviyyədə aparılacağı bu görüşdən sonra məlum oldu. Fan-klublarla işin sistematik qaydaya salınmasının vacib olduğu bildirildi. Ümumiyyətlə, bu görüşün nəticəsi olaraq o bəlli oldu ki, hər bir işdə sistemliliyin mövcud olması və xaotikliyinin qarşısının alınması vacibdir. Bu, klubun fəaliyyətinin istənilən sahəsinə aiddir. Biz də öz növbəmizdə “Xəzər Lənkəran”ın ziyalı azarkeşləri olaraq daxilimizdə belə bir qərara gəldik ki, bütün gücümüzü düzgün istiqamətdə yönəldib kluba dəstək olmalıyıq. Problemlər ola bilər, hər hansı məsələlərdə qeyri-müəyyənliklər ola bilər, amma azarkeşlər gərək hər zaman klubun yanında olub öz mənəvi dəstəklərini əsirgəməsinlər”.

Taleh Məmmədli, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının göz həkimi.

“Görüş mənə olduqca xoş təsir bağışladı. Kluba rəhbərlik edən insanların klub üçün ürəyinin yanmasını görmək bizi çox sevindirdi. Hərtərəfli müzakirələr apardıq. Azarkeşlərin rolu barədə çoxlu fikirlər səsləndirildi, təklif verildi. Fan-klublarla düzgün işin aparılmasının vacib olduğu bildirildi. Azarkeşlərlə əlaqələndirici şəxs qismində Qurbanəli müəllimin təyin edilməsini çox yaxşı addım hesab edirəm. O hamımızın sevidiyi və olduqca səviyyəli azarkeşlərdəndir. Həmçinin oyunlar zamanı stadiona yad əşyalar atmaqla kluba ziyanverən şəxslərin qarşısının alınması haqqında müzakirəmiz oldu. Bunlar həqiqətən də utancverici hərəkətlərdi. Biz təklif etdik ki, stadionun mərkəzi sektorlarında əsl “Xəzər”sevərlərin oyunu izləməsi təmin olunsun ki, bu cür hallar baş verməsin. Bundan əlavə komandada olan durum barədə geniş söhbət oldu. Müxtəlif məsələlərlə bağlı bizə məlum olmayan məqamlara klub prezidenti tərəfindən aydınlıq gətirildi. Klubun strategiyası diqqətimizə çatdırıldı, “Xəzər Lənkəran”ın yetirmələrinin əsas heyətə düşməsinin vacibliyi qeyd olundu, bu istiqamətdə atılan və atılmalı olan addımlar, tələb olunan zaman barədə müzakirələr etdik. Biz də azarkeş olaraq məhz yerli futbolçuların komandaya ən çox fayda verməsi fikrini dəstəkləyərik. Rahid Əmirquliyev səviyyədə futbolçunun “Xəzər Lənkəran”da püxtələşməsi də sübut edir ki, yerli futbolçuları yüksək səviyyəyə çatdırmaq mümkündür. Zaur Ramazanovun seleksiyaçı kimi işə cəlb olunması da təqdirəlayiq haldır. Məşqçilər korpusu ilə azarkeşlər arasında da vaxtaşırı görüşlərin keçirilməsi təşəbbüsü irəli sürüldü. Düşünürəm ki, məşqçilərin üzərinə qoyulan məsuliyyət baxımından bu çox uğurlu fikirdir”.