Bəhruz Şirəliyev: Yeni transferlərimiz əsasən yerlilər olacaq
22.12.2011 - 12:51
Bəhruz Şirəliyev: Yeni transferlərimiz əsasən yerlilər olacaq
“Komandamızın heyətindəki dəyişiklərə bu həftə aydınlıq gələcək. Baş məşqçimizlə qarşıdakı günlərdə görüşüb, bu məsələni müzakirə edəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Premyer Liqada debüt mövsümünü keçirən paytaxt təmsilçisi də qış fasiləsində heyətinə “əl gəzdirəcək”.

Şirəliyevin sözlərinə görə, həm qış fasiləsində dəyişiklər, həm də hazırlıq planları ilə bağlı baş məşqçi Vladislav Qədirovla görüş nəzərdə tutulub: “İndidən onu deyə bilərəm ki, komandamızda böyük dəyişiklər gözlənilmir. Uzaqbaşı 3-4 futbolçunu heyətdən çıxarıb, bir o qədər transfer edəcəyik. Həmin oyunçular baş məşqçimizin tələblərinə cavab vermədiyindən, onlarla yollarımızı ayıracağıq. Bunlardan 1-i legioner, qalanının yerlilər olacağı gözlənilir. Elə yeni transferlərimiz əsasən yerlilər olacaq. Bizə yeni hücumçu lazımdır. Buna görə həmin mövqeyə 1 legioner transfer edəcəyik. Bilirik ki, qış fasiləsində bir sıra yerli futbolçular müqavilə ilə klublara bağlıdır. Hər halda, komandamıza gənc oyunçular cəlb edə bilərik. Əlbəttə, menecerlər artıq indidən bizə legionerlər təklif edir. Ancaq bu məsələdə tələsmirik. Strategiyamız elədir ki, ilk növbədə yerli futbolçuların transferinə diqqət yetiririk. Bunlar alınmayanda, əcnəbi oyunçulara müraciət edirik”.

Qış fasiləsinə 8-ci pillədə yollanan “Rəvan” son turda evdə AZAL-a 3:1 qalib gəlməklə, onunla xal fərqini minimuma endirdi. Nəticədə debütant “altılıq” uğrunda mübarizədə gərginləşdirdi və 6-cı yerdə gedən “Qəbələ”dən 4 xal geri qalır. Ancaq “Rəvan”ın evdə uğursuz çıxışı, öz meydanında cəmi 1 qələbə qazanmağı diqqəti çəkən oldu: “Nəhayət, evdə qələbə qazana bildik. Ancaq öz meydanımızda 1 dəfə qalib gəlmişiksə, bunu necə qənaətbəxş saymaq olar? Ümumilikdə, cari mövsümdəki nəticəmizə, turnir cədvəlindəki hazırkı yerimizə baxsaq, bunu qənaətbəxş saymaq hesab eləmək olmaz. Ancaq “altılığ”a düşmək şansımız var. Təsnifat mərhələsində 4 oyunumuz qalıb. “Altılığ”a düşmək üçün həmin matçlarda maksimum nəticə qazanmalıyıq”.

Mehman SÜLEYMANOV