Moskva “Dinamo”su daha bir azərbaycanlı futbolçu transfer edir
26.12.2011 - 09:35
Moskva “Dinamo”su daha bir azərbaycanlı futbolçu transfer edir
Moskvanın “Dinamo” klubu “Qalatasaray”ın 2 futbolçusunu transfer etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi türkiyəli mərkəz müdafiəçisi Sərvət Çətinlə ispaniyalı sol cinah yarımmüdafiəçisi Albert Rieranı heyətində görməkdə maraqlıdır. Artıq klublar arasında danışıqlar başlanılıb.

Özü də 29 yaşlı Riera Rusiyaya yollanmağa razılığını verib ki, bunun da səbəbi var. Belə ki, onun həyat yoldaşı Olqa Korolyova əslən bu ölkədəndir. Albertdən fərqli ölkəsinin milli komandasına indi də çağırılan 30 yaşlı Çətin isə karyerasını Moskva klubunda davam etdirməyə qərar vermək üçün vaxt götürüb. Əslən Azərbaycandan olan Sərvət “Dinamo”ya keçərsə, klubla ötən həftəsonu yeni 4 illik müqavilə imzalayan soydaşı Aleksandr Səmədovla komanda yoldaşı olacaq.

Qeyd edək ki, 2008-ci ildə İspaniya yığmasının heyətində Avropa çempionu olan Albert ölkəmizə gəlib, qol da vurub. O, 2009-cu ilin iyunun 9-da milli komandamıza Tofiq Bəhramov adına Respublika stadionunda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə qapımıza 4-cü qolun müəllifi olub.
0