“O, gərək elə yesin ki, arıqlasın”
06.02.2012 - 12:16
“O, gərək elə yesin ki, arıqlasın”
Azərbaycan futzal yığmasının kapitanı Marat Salyanskinin apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsi

- Avropa çempionatının final mərhələsində uğursuz çıxışı nə ilə əlaqələndirərdiniz? 1/4 finala vəsiqəni verən Serbiya yığması ilə oyunda məğlubiyyətin əsas səbəbi nə oldu?
- Uğursuzluqdan başqa şanssızlıq da oldu. Belə götürəndə, pis oynamadıq. 1/4 finala çıxmalı idik. Serbiyaya məğlubiyyəti öz oyunumuzu oynamamaqla izah edərdim. Biz onların oyununu oynadıq. Matçın əvvəlində qazandığımız 2 top fərqli üstünlüyü qorumalı idik. İlk hissədə real qol imkanlarından istifadə edə bilmədik. Vitali Borisov qapıçı ilə təkbətək mübarizədə uduzdu. Biz əks-hücumda oynamalı idik. Ancaq daha çox hücum edirdik.

- Hesab edirsiniz ki, oyun üçün seçilən hücum taktikası düzgün deyildi?
- Yox, taktika düzgün idi. Sadəcə, oyuna görə hər dəqiqə taktikanı dəyişmək lazımdır. Çünki futzalda hər an hər şey dəyişir. Ola bilər ki, müdafiədən başlayasan, sonra əks-hücuma keçəsən və ya əksinə. Buna görə də futzalda daim taktikanı dəyişdirməlisən. Həmişə eyni taktika ilə oynamaq düzgün deyil. Bizə demişdilər ki, pressinq etmək lazımdır, biz də bunu da edirdik. Sonradan bizə heç pressinq lazım deyildi. Uduzan komanda pressinq edər, biz niyə bunu etməliyik ki? Bizə oyunun axırında qol vurmaq lazım deyildi, ilk növbədə qol buraxmamağı fikirləşməli idik.

- Yəni hesab bərabər olanda, hücum etməklə, daha çox risk edirdik?
- Bəli. Biz qol vurmağı fikirləşməməli idik. Qoy, onlar fikirləşsin. Əks-hücumda oynamaqla, qol imkanlarımız istər-istəməz yaranacaqdı. Serblər irəli gələcəkdi, biz də əks-hücumda qolumuzu vuracaqdıq.

- Artıq ilk hissənin ortasına yaxın əsas qapıçımız Andrey Tveryankin 2-ci sarı vərəqə alaraq meydandan çıxarıldı və onun yerinə girdiniz. Bu gözlənilməz əvəzləməyə nə dərəcədə hazır idiz?
- Mən həmişə oynamağa hazıram. Sadəcə, müdafiəçilər bir öz kömək eləmədilər. Arxa xətdə kobud səhvlər buraxıldı. Qapımız önündə elə səhvlər buraxdıq ki, milli komandamızda və “Araz”da oynadığımız dövrdə bunları etməmişdik. Müdafiədə hardasa uşaq səhvləri buraxdıq. Bizim işimiz elədir ki, meydanda bir-birimizə kömək etməli idik.

- Niyə anlaşa bilmirdiniz ki, nəticədə belə çox qol buraxdıq?
- Həqiqətən çox top buraxdıq. Fikrimcə, biz psixoloji cəhətdən belə oyunlara hazır deyilik. 4-cü dəqiqədə hesabda 2:0 irəlidə olduğumuz zamanı artıq oyunu apardığımıza inandıq. Yəni qələbəyə tez inandıq və bundan sonra dalbadal 2 qol buraxdıq. Hesab 2:2 olandan sonra yenidən irəli çıxıb, üstünlüyümüzü əldən verirdik. Sona yaxın isə artıq 5:7 geridə idik. Bu zaman qələbəyə inanmırdıq. Ancaq bununla belə, hesabı bərabərləşdirsək də, sonda 8:9 hesabı ilə uduzduq.

- Yığmamız ötən Avropa çempionatında 4-cü yeri tutub, heyətində təcrübəli oyunçular var. Belə komandada problemlər niyə yaranır ki?
- Təcrübəni saxlamaq üçün gərək çoxlu beynəlxalq oyunlar keçirəsən ki, belə matçlara hazır olasan. Təcrübəli oyunçular məşq etməsə, oynaya bilər? Yox.

- Hakimliyi necə dəyərləndirərdiniz? Hər şeyi hakimin üzərinə yıxmaq düzgün olardımı?
- Serbiya ilə oyunda görünürdü ki, polşalı Sebastyan Stavitski bizə qarşı qərəzli idi. O, meydana hansısa fikirlə çıxmışdı. Polşalı hakim birinci oyunumuzda da qərəzli qərarlar verirdi.

- Azərbaycan yığmasına qarşı qərəzli hakimlik etməkdə məqsəd nə ola bilər?
- Portuqaliya ilə oyunda hakimlər rusiyalı və polşalı idilər. Bizim qrupun ikincisi növbəti mərhələdə Rusiya yığmasının yer aldığı qrupun qalibi ilə görüşəcəkdi. Orada da ruslar 1-dir. Rus hakim da sığortalayırdı ki, Azərbaycan onun yığmasına problemlər yaradar. Ola bilər ki, Rusiya yığması bizim qrupun komandası tərəfindən turnirdən kənarlaşdırılsın.

- Yığmamızda milliləşdirilən legionerlər çoxluq təşkil edir. Yerli oyunçular isə onlardan az oynayırlar. Bir azərbaycanlı, kapitan kimi belə vəziyyət sizi nə dərəcədə qane edir?
- Hesab edirəm ki, yaxşı yerli oyunçularımız var. Sadəcə, onlara güvənmək lazımdır. Yerli daha çox ehtiyatda qalırsa, necə artıra bilər?

- Kapitan olsanız da, ehtiyatda qalırsınız. Sizi ehtiyatda saxlayan Tveryankinin artıq 45 yası var. Bunlar sizə pis təsir edə bilər...
- Düzdür, bəziləri bu haqda danışır, yazırlar, oxuyuram. Ancaq futzalda kapitan o demək deyil ki, mütləq oynamalıdır. Onun təcrübəli oyunçu kimi komandada üzərinə düşən başqa funksiyaları var.

- Böyük ümidlər bəslədiyimiz Serjao özünü yaxşı tərəfdən göstərə bilmədi...
- Andrey Tveryankin mənim mövqeyimdə çıxış etsə də, onun indiyə kimi Azərbaycan futzalına xeyri dəyib. 45 yaşının olmasına baxmayaraq, bu adam işinin öhdəsindən gəlir. Məncə, Tveryankinin hələ oynamaq üçün gücü var və bizə kömək də edəcək. Ancaq Serjaoya gəlincə, elə bir oyunçudur ki, ona xüsusi diqqət lazımdır. Yəni braziliyalı yeməyinə, hər şeyə diqqət yetirməlidir.

- Onun artıq çəkisi vardı?
- Bəli. 2-3 kq artıq çəkisi oldu. Serjao çəkisini nəzarətdə saxlamalıdır. Bilməlidir ki, optimal çəkisi nə qədərdir.

- Həm də braziliyalılar adətən əhval-ruhiyyəli oyunçular olurlar...
- Elədir. Onun yeməyi normal olmalıdır. Əgər peşəkar oyunçudursa, buna fikir verməlidir. Yeməyinin normal olmamağı çəkisinin artmasına gətirib çıxarır. Az yeməyi isə yetərli saymırlar. Mən baş məşqçi olsaydım, Serjaonun qarşısına şərt qoyardım ki, çəkin bu qədər olmalıdır. Artıq çəki cərimədir.

- Baş məşqçiniz buna nəzarət edə bilmir?
- Edir. Ancaq bu adamın quruluşu elədir. O, gərək elə yesin ki, arıqlasın.

- Qarşıda dünya çempionatının pley-off oyunları gəlir. İndiki uğursuzluqdan sonra qısa müddətdə həmin məsul oyunlara ilk növbədə psixoloji cəhətdən hazır olub, uğur qazana bilərikmi?
- Biz qrup qalibləri ilə oynayacağıq - İspaniya, İtaliya, Rusiya, Portuqaliya və sair. Bu üzdən bizə çətin olacaq.

- Ancaq Serbiya və Çexiya kimi münasib rəqiblər var...
- Bəli. Bunlardan biri ilə düşməyimiz daha münasibdir. Onlarla düşsək, yaxşı olardı. Hər ikisi ilə bir neçə dəfə görüşdüyümüzdən, bizə yaxşı tanış rəqiblədir. Çexiya ilə köhnə, Serbiya ilə yeni haqq-hesabımız var. Ancaq istənilən halda, bu, futzaldır və aşıq-aşkar favorit olmur.

Mehman SÜLEYMANOV