“Xəzər Lənkəran” və “Qarabağ” üçün fərqli sonluq
17.02.2012 - 13:42
“Xəzər Lənkəran” və “Qarabağ” üçün fərqli sonluq
Azərbaycan Premyer Liqasının XX turu 2 klub üçün fərqli sonluqla əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Xəzər Lənkəran” AZAL-ı qəbul etməklə, təsnifat mərhələsində sonuncu ev oyununu keçirdi.

“Altılıq” mübarizəsinədək hələ 3 tur qalsa da, cənub təmsilçisi bütün matçlarını səfərdə keçirəcək. Bu da daha çox XIX turun təxirə salınması ilə bağlıdır. Son 2 turu onsuz da rəqib meydanında keçirməli olan “ağ-yaşıllar” bu görüşlərdən sonra XIX turun matçında da qonaq olacaqlar. Rəqiblər isə “Qəbələ”, “Sumqayıt” və “Turan”dır.

Təqvim “Qarabağ” üçün tam fərqli olacaq. Lənkəranlıların turnir cədvəlindəki qonşusu son 3 matçını öz meydanında oynayacaq. XX turun “Bakı” ilə görüşündə son səfərə çıxan “Qarabağ” bununla təsnifat mərhələsində 11-ci dəfə rəqib meydanında oynadı. Ağdamlılar son 3 görüşdə “Kəpəz”, AZAL və “Simurq”u qəbul edəcək.

Maraqlıdır ki, qonşular təxminən eyni səviyyəli rəqiblərlə fərqli meydanlarda oynayacaqlar. Hər 2 komanda “altılıq” arzusu ilə vidalaşan 2 asan rəqib və son vəsiqələrə iddiaçılardan biri ilə görüşəcək.