Anatoli Doroş - milli çempionatımızda görünməmiş rekord sahibi
18.02.2012 - 00:11
Anatoli Doroş - milli çempionatımızda görünməmiş rekord sahibi
Moldovalı futbolçu Anatoli Doroş bu il 20 illik yubileyini qeyd edən Azərbaycan milli çempionatında görünməmiş rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yığma komandasının da üzvü olan 28 yaşlı hücumçu Premyer Liqamızda 5-ci klubun heyətində meydana çıxan ilk legioner oldu.

Doroş həmin tarixi hadisəni XX turda fevralın 15-də “Qəbələ” ilə ev oyununda reallaşdırdı. Düzdür, hücumçunun 90 dəqiqə oynadığı matç komandası üçün uğursuz nəticələndi. Belə ki, 0:1 hesablı məğlubiyyət zaqatalıların “altılığ”a düşməyəcəyini rəsmiləşdirdi.

2006-cı ildən ölkəmizdə çıxış edən Anatoli “MKT-Araz”, “Standard”, “Karvan” və “Olimpik-Şüvəlan”da oynayıb. Ancaq moldovalı həmin klubların heyətində çox olmayıb. Təsadüfi deyil ki, “MKT-Araz”la “Olimpik-Şüvəlan”ın hərəsində 1 il oynayıbsa, “Standard”la “Karvan”da 6 ay forma geyərək, mövsümü sona kimi başa vurmayıb.

2 illik fasilədən sonra ölkəmizə qayıdan Doroş yenidən əyalət təmsilçisində çıxış edir. Legioner Zaqatalayadək İmişli və Yevlaxda oynamış, “Standard”la “Olimpik-Şüvəlan”ın formasını geyərkən isə paytaxtda top qovmaq imlanı qazanmışdı.

Bunadək Anatoli kimi milli çempionatımızda 2 legioner – braziliyalı yarımmüdafiəçi Leonardo Roşa (“Standard”, “İnter”, “Bakı”, “Qarabağ”) ilə uruqvaylı hücumçu Anhel Qutyerres (“Standard”, “İnter”, “Muğan”, “Rəvan”) 4 klubda oynamışdı. Həmin cənubi amerikalılardan Roşa Doroş kimi hər 4 klubda qol vurmağı bacarıb. Qış fasiləsində “Qarabağ”a qayıtmadığı üçün qovulan Leonardo artıq çempionatımızda oynamır. Deməli, Anatoli “Simurq”da fərqlənməklə, bu göstəricidə də mütləq rekordçu olmaq imkanı qazanıb.

Qeyd edək ki, yazıda milliləşdirilən legionerlərimiz nəzərə alınmayıb.

Mehman SÜLEYMANOV