Berti Foqtsun dostu vəzifəsindən getdi
03.03.2012 - 10:37
Berti Foqtsun dostu vəzifəsindən getdi
Almaniya Futbol İttifaqının (AFİ) prezident postunda dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun yaxşı münasibətdə olduğu Teo Svansiger vəzifəsindən gedib. Onun yerinə yeni prezident Volfqanq Nirsbax seçilib.

Svansiger 2004-cü ildən Almaniya futboluna uğurla rəhbərlik edirdi. Ancaq AFİ-nin Frankfurtda keçirilən növbədənkənar baş Assambleyasında qurumun sabiq baş katibi Nirsbax 256 nəfər səs qazanmaqla, prezident postuna gəlməyini reallaşdırıb.

Yeni prezident öz yeni vəzifəsinə çox hörmət etdiyini və səbirsizliklə işə başlayacağı vaxtı gözlədiyini bildirib: “Mənə qədər bu quruma çox insanlar başçılıq edib. Təşkilat onların sayəsində indiki səviyyəsinə çatıb. Mən onların işini davam etdirmək və futbolumuzun inkişafına öz töhfəmi vermək imkanı qazandım. Bu, mənim üçün böyük şərəfdir”.

Qeyd edək ki, Svansiger son 2 seçmə mərhələdə Almaniya yığmasının millimizlə səfər oyunları zamanı Bakıya gəlmişdi.