Cüneyt Biçər: Oyundan tam razı qalmadım, amma əsas nəticə idi
07.03.2012 - 17:01
Cüneyt Biçər: Oyundan tam razı qalmadım, amma əsas nəticə idi
“Matçın çətin olacağını bilirdik və elə gözlədiyimiz kimi də oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.

“Ağ-yaşıllar” Premyer Liqanın XIX turundan təxirə salınan oyununda “Turan”a səfərdə 1:0 hesabı ilə qalib gəldi.

Biçərin sözlərinə görə, nəticədən fərqli, oyundan tam razı qalmayıb: “Rəqib bir müddətlik fasilədən sonra doğma məkanda oynayaraq, nəticə qazanmağa çalışdı. Biz isə erkən qol vurduqdan sonra fərqi artıra bilərdik. Ancaq əldə etdiyimiz 4-5 qol imkanından istifadə edə bilmədik. Bu isə oyunun gərginliyini artırırdı. Çünki sürüşkən hesab idi və rəqib hesabı bərabərləşdirə bilərdi. Ancaq sonadək üstünlüyümüzü qoruyaraq, qələbə qazandıq. Bizə 3 xal vacib idi. Əsas nəticə qazanmaq idi ki, buna da nail olduq. Çünki “altılıq” öncəsi qalib gəlmək ruh yüksəkliyini artırır”.

“Xəzər Lənkəran” “altılığ”a “Qarabağ”la səfər oyunu ilə başlayıb, ardıcıl 3-cü səfər matçına çıxacaq. Bundan sonra isə növbəti həftə “İnter”lə ölkə kubokunun 1/4 final mərhələsində ilk oyun olacaq: “Final mərhələsində sıx qrafik olacaq. Hər komanda belə təqvimlə üzləşib, eyni zamanda kubokda da mübarizəni sona kimi davam etdirməyə çalışacaq. Hər halda, “altılıq” iştirakçılarının hamısı 1/4 finalda iştirak edir. Biz bugünkü oyunda start heyətində dəyişiklik edib, 4 fərqli futbolçunu ilk dəqiqələrdə meydana buraxdıq. Lazım olarsa, heyətdə belə dəyişikliklər etməklə, vəziyyətdə çıxış yolu tapmağa çalışacağıq”.