“Neftçi” “Qarabağ”ı parçalayır
06.05.2012 - 23:03
“Neftçi” “Qarabağ”ı parçalayır
Deyəsən, avrokuboklara düşməmək "Qarabağ" üçün pis nəticələrə səbəb olacaq. Qalan 2 vəsiqəyə 3 namizəddən biri kimi ən az şansı olan ağdamlıların düşərgəsində vəziyyət qarışıb. Belə ki, bəzi futbolçular indidən özünə yeni komanda axtarışına başlayıb ki, bu da son turda Lənkəranda qələbə qazana bilməmək perspektivinin real olmasının göstəricisidi.

Ötən cümə bəlli oldu ki, Rəşad Sadiqov "Neftçi"yə qayıdır. "Qarabağ"ın kapitanı artıq sabiq klubu ilə anlaşıb və mövsüm başa çatan kimi müqavilə bağlayacaq. Əslində, Rəşad "Neftçi"yə qış fasiləsində keçməli idi. Belə ki, hələ yanvarda "Neftçi"nin Sadiqovla danışıqlar apardığı barədə xəbər yayılmışdı. Paytaxt klubu futbolçuya böyük məbləğdə pul təklif etsə də, həmin vaxt transfer baş tutmamışdı və tərəflər keçidi yaya qədər təxirə salmışdı (Sport Ekspress).

Doğrusu, bu məsələdə Rəşada "xain" damğası vurmaq heç də düzgün deyil. Peşəkar futbolçu istənilən kluba keçə bilər və bu, onun hüququdur. Hətta həmin komanda onun vaxtilə qovulduğu yer olsa da...

Ancaq bu məsələdə Sadiqovu qınaq obyektinə çevirən onun bu açıqlamanı düzgün zamanda açıqlamamasıdı. Ən azı "İnter"lə vacib görüş ərəfəsində yarımmüdafiəçi bu addımı atmamalı, komandanı çətin vəziyyətdə qoymamalı idi. Onun kapitan olduğunu nəzərə alsaq, insani dəyərlər baxımından etdiyi ümumiyyətlə, qəbuledilməzdi.

"Neftçi"yə gəlincə, əslində, məhz Bakı klubunun hərəkəti müzakirə mövzusu olmalıdı. Rəşad artıq müqaviləyə razılaşıbsa, deməli, onunla danışıqlar mövsümün gedişində reallaşıb. Bu isə başqasıyla müqaviləsi olan futbolçunun ağlını başından almaqdan başqa bir şey deyil. İndi gəl, ağdamlıların 2 dəfə "Neftçi"ylə görüşlərdə hesabda öndə ola-ola uduzmasında (2:0-dan 2:3-ə, 1:0-dan 1:2-yə çevrilən oyunlar - red.) şübhələnmə.

Kəsəsi, bu işdə əsas günahkar "Neftçi"di, ancaq kölgəsindən qorxan Ağdam klubunun rəhbərliyi bakılılardan şikayət etmək əvəzinə futbolçunu qılınclayır. "Neftçi" birmənalı olaraq mövsüm bitdikdən sonra futbolçuyla danışıqlara başlamalı və müqaviləsi bitən Rəşadı heyətinə qatmalıydı.

"Neftçi"nin "Qarabağ"ı parçalamaq planının olduğunu təsdiqləyən daha bir fakt var. Belə ki, ağdamlıların yarımmüdafiəçisi Əfran İsmayılov etiraf edir ki, paytaxt klubu onu da istəyirmiş: "Bəli, həqiqətən də "Neftçi" klubundan mənə təklif gəlmişdi və onlar məni öz heyətlərində görmək istəyirdilər. Lakin mən təklifdən imtina elədim”.

Deyək ki, Rəşadın müqaviləsi mövsümün sonunda başa çatır və onunla danışıqlara başlamaq hardasa başadüşüləndi. Bəs, Əfrana nə sözünüz? Axı, müqaviləsi davam edən İsmayılovun transferi üçün "Neftçi"nin öncə "Qarabağ"ın qapısını döyməsi vacib idi?

"Qarabağ" daha bir futbolçusunu itirə bilər. Ağdam təmsilçisi Avropa Liqasına vəsiqə qazana bilməsə, komandanın əsas üzvlərindən Rəşad Sadıqov da komandanı tərk edəcək. Milli komandamızın kapitanı "Qarabağ"ı tərk edəcəyi halda ölkənin digər klublarına keçməyəcək. Çünki futbolçu legioner həyatı yaşamağa üstünlük verəcək. Məlumata görə, təcrübəli müdafiəçi Türkiyə superliqasının klublarından birinə keçəcək. Ancaq dünən əldə etdiyimiz bilgiyə görə, İqor Mitreskiylə vidalaşmağa hazırlaşan flaqman müdafiənin mərkəzində Ruslan Abışovla yanaşı məhz onun oynamasını istəyir. Bu da "Neftçi"nin "peşəkarlığına" aid növbəti fakt!

CAVAD