Yığmamızın məşqçiləri imtahandan kəsildilər
06.05.2012 - 23:10
Yığmamızın məşqçiləri imtahandan kəsildilər
Ötən ay "Pro" kateqoriyalı lisenziya almaq istəyən yerli və ölkəmizdə çalışan bəzi əcnəbi məşqçilər UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahına yollandı. Düzdü, məşqçilərimiz səfərə tam heyətlə çıxa bilmədilər. Belə ki, çempionatda və kubokda vacib oyunları olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Bakıda keçirilən imtahanlara qatılmayan Vladislav Qədirov Nyona yollanmadı.

Əvəzində Nazim Süleymanov, Arif Əsədov, Vəli Qasımov, Babək Alxasov, Yaşar Vahabzadə, Cüneyt Biçər, Yüksəl Kepoğlu, Şahin Diniyev və Təbriz Həsənov aprelin 22-dən 26-dək "Pro" kateqoriyası əldə etmək üçün keçirilən məşvərət iclasına yığışdılar.

Qədirov praktiki məşğələlərdən keçmədiyi üçün onun lisenziya almayacağı öncədən bəlli idi. Qurbanovu Nyona getməməsi isə üzrlü səbəbdən baş verdiyindən və məcburi olmadığından onun şansı vardı. Aradan xeyli vaxt keçsə də, imtahanın nəticələrinin ictimaiyyətə açıqlanmamağı təəccüb doğurmaya bilməz. Düzdü, lisenziyalar hələ avqustda sahiblərinə təqdim olunacaq. Amma artıq məşqçilərin özlərinə kimin seminarı uğurla başa vurduğu haqda məlumat verilib.

Biz isə AFFA-dan rəsmi açıqlamanı gözləmədən məsələni araşdırmağı lazım bildik. Məlum oldu ki, Nyona yollananlardan 4-ü imtahandan kəsilib. Özü də onlardan 3-ü yığma məşqçisidi. Söhbət əsas millimizin baş məşqçisi Berti Foqtsun köməkçisi Nazim Süleymanov, U-19 yığmamızın baş məşqçisi Vəli Qasımov və U-21-də məşqçi kimi çalışan Babək Alxasovdan gedir.

Həmyerlilərimizlə bərabər "Bakı"nın uşaq futbolu üzrə koordinatoru Yüksəl Kepoğlu da imtahandan keçə bilməyib. Qalanları isə artıq ən nüfuzlu məşqçi lisenziyasının sahibi kimi təqdim edə bilərik: Arif Əsədov, Yaşar Vahabzadə, Cüneyt Biçər, Qurban Qurbanov, Şahin Diniyev və Təbriz Həsənov.

ŞAMO
Sport Ekspress qəzeti